"Separatçılar Rusiyanın yardımını Paşinyanın tapşırığı ilə qəbul etməyib"

"Separatçılar Rusiyanın yardımını Paşinyanın tapşırığı ilə qəbul etməyib"
"Hadisələrin təhlili onu göstərir ki, deyəsən, Ermənistanın siyasi rəhbərliyi ağlını itirib".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Qarabağdakı ermənilərin Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) ərzaq dolu yük avtomobilini qəbul etmək istəmədiklərini şərh edərkən bildirdi.
Onun fikirncə, buna siyasi dəlilik də demək olar:
"Belə ki, Rusiya Ermənistanın müttəfiqi olmasına rəğmən, rəsmi İrəvan onunla müttəfiqi ilə münasibətlərin tamamilə korlanmasına, bütün körpülərin yandırılmasına xidmət edən belə addımlar atır. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq artıq iki ildir ki, ölkəsində bu təşkilatla hər hansı təmasların baş verməsinin əleyhinə siyasət həyata keçirir. Ölkəsində bu hərbi siyasi təşkilatın təlimlərinin keçirilməsinə imkan vermir. Bunun qarşılığında isə sentyabr ayının 11-dən 20-ə qədər Rusiyanın düşməni hesab edilən Amerika Birləşmiş Ştatları ilə birgə hərbi təlimləri keçirəcəkdir. Artıq Rusiyanın siyasi rəhbərliyi bunu anti-Rusiya addımı kimi qiymətləndirir və eyni zamanda Paşinyan deyəndə ki, “Bir gün səhər gözümüzü açacayıq, görəcəyik ki, Rusiya regionda yoxdur” kimi fikirlər də rəsmi Moskvanı xeyli qəzəbləndirib. Rusiya prezidentinin mətbuat katibi Peskov onun bu demarşını cavabsız qoymayıb və söyləyib ki, "Rusiyanın regiondan getmək niyyəti yoxdur". Yəni bu, Paşinyanın görünür ki, röyalarıdır. Eyni zamanda Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova ilə Ermənistan parlamentinin sədri Alen Simonyan arasında söz müharibəsi də baş verdi. Mariya Zaxarova Simonyana "tərbiyəsiz" söylədi, o da qarşılığında dedi ki, "Bizim səviyyələrimiz müxtəlifdir və mən nazir olaraq katibəyə cavab vermək istəmirəm". Mariya Zaxarova da eyni məharətlə yenidən Simonyanı söz atəşinə tutdu. Bax, reallıq bundan ibarətdir".

Deputat onu da qeyd etdi ki, bu gün İrəvan-Moskva münasibətləri özünün kritik dövrünü yaşayır:
"Paşinyanın son telefon zənglərinə baxsanız, beş dövlətin liderinə telefon zəngi açıb. Lakin Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsinə girmir. Halbuki o, İkinci Qarabağ müharibəsində gün ərzində bəlkə onlarla dəfə Putinə zəng edirdi. Yəni münasibətlər bir daha qeyd edirəm, kritik haldadır, böhran yaşayır və həm də bu onda da özünü göstərdi ki, Azərbaycanın Xankəndi istiqamətinə göndərdiyi humanitar yükü ordakı separatçılar qəbul etməyiblər. Hələ ki, reallıq budur. Amma bunun qarşılığında Rusiya Qızıl Xalq Cəmiyyətinin humanitar yardımını qəbul etməyiblər və bunun məhz Paşinyanın tapşırığı ilə olduğu da heç kəsə sirr deyil. Reallıq bax, budur. Ona görə də hesab edirəm ki, çox yaxın zamanlarda bu məsələlərə tam aydınlıq gələcək. Və mənə elə gəlir ki, yaxın günlərdə İrəvanda mer seçkiləri keçiriləcək. O vaxtları bütün sular durulacaq və məlum olacaq ki, ya Paşinyan öz siyasətində köklü radikal dəyişiklik edəcək, ya da ki, onun perspektivi ilə bağlı çox dumanlı, çox qaranlıq bir vəziyyət yaranacaq", - deyə Elman Nəsirov bildirdi.
Gundelik-Baku.Org