Zəngəzur dəhlizinin taleyi necə olacaq?

Zəngəzur dəhlizinin taleyi necə olacaq?
“Heç kəsə sirr deyil ki, İran İslam Respublikası Ermənistanı öz strateji müttəfiqi hesab edir. Eyni zamanda İranın ali dini rəhbərliyi açıq şəkildə bildirir ki, Ermənistanın ərazi bütövlüyü onlar üçün qırmızı xəttir. Elə bu məntiqlə də onlar Ermənistanı bütün cəbhələrdə dəstəkləyir və Zəngəzur dəhlizinin açılması üçün əlindən gələni edirlər”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov Beynəlxalq Böhran Qrupunun hesabatında Zəngəzur dəhlizi ilə bağlı qeydlər barədə danışarkən deyib.
O bildirib ki, Ermənistan prinsip etibarilə Azərbaycanla nəqliyyat kommunikasiya xətlərinin açılmasına etiraz etməsə də, “Zəngəzur dəhlizi” ideyasını qəbul etmək istəmir:
“Ermənistanın bu məsələdə inadkar mövqe ortaya qoymasını şərtləndirən amillərin sırasını müəyyən etsək, birinci yerdə İran dayanır. İran Ermənistanı başa salır ki, heç bir halda Zəngəzur dəhlizinin işə salınmasına imkan verməsin. Üzərindən iki ildən çox vaxt keçməsinə baxmayaraq, 10 noyabr sənədinin 9-cu bəndi (Zəngəzur dəhlizinin işə salınması ilə bağlı) işləmir. Buna görə Ermənistan nə qədər məsuliyyət daşıyırsa, İran ondan da çox məsuliyyəti daşıyır”.
Millət vəkili deyib ki, İran Azərbaycana qarşı törətdiyi son terror aktından sonra üzündəki maskaları tamamilə cıraraq əsl simasını ortaya qoydu:
“Məlum oldu ki, İran üçün dost ölkə Azərbaycan yox, Ermənistandır. O Ermənistan ki, 30 illik  işğal dövründə Azərbaycanın 67 məscidini yerlə yeksan edərək, orada donuz, inək saxlayaraq ibadət evlərimizdən tövlə kimi istifadə edib. İran “İslam” Respublikası isə bu dövlətlə dostluq edir”.
E.Nəsirov bildirib ki, İran mane olmağa çalışsa da, heç nə əldə edə bilməyəcək:
“İran Zəngəzur dəhlizinin işə düşməsinə nə qədər mane olsa da, unutmasın ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu məsələdə çox prinsipial və qətiyyətli mövqeyi var. Mövqe də ondan ibarətdir ki, Ermənistan və havadarları nə qədər buna mane olsalar da, biz istənilən yolla Zəngəzur dəhlizini işə salacağıq. Hesab edirəm, bu, İran üçün də ciddi mesajdır. Tehran papağını qarşısına qoyub düşünsün. Düşünsün ki, Azərbaycan əleyhinə yönəlmiş bu siyasət İran üçün yaxşı heç nə vəd etmir və sözün həqiqi mənasında, yaxın perspektivdə İran üçün bumeranq effekti yarada bilər”.
Gundelik-Baku.Org