Elman Nəsirov “Siyasi partiyalar haqqında” Qanun layihəsindən DANIŞDI

Elman Nəsirov “Siyasi partiyalar haqqında” Qanun layihəsindən DANIŞDI
“Oktyabr ayının 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” Qanun layihəsinin müzakirəsi keçirildi. Bu müzakirələrdə Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə yanaşı, eyni zamanda parlamentdən kənar siyasi partiyaların liderləri də iştirak edirdilər. Çox ciddi siyasi müzakirələr getdi. Təkcə o faktı qeyd edim ki, ictimai müzakirələr 4 saatdan artıq çəkdi. Həm iqtidar, həm də müxalif siyasi partiyaların sədrləri, təmsilçiləri çox açıq şəkildə görmək istədikləri “Siyasi partiyalar haqqında” Qanunla bağlı mövqeyini ifadə etdilər”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

“Belə bir qanunun hazırlanması həm dövlət siyasətidir, həm də ictimai sifarişdir. Dövlət siyasətidir ona görə ki, ölkə prezidenti İlham Əliyev Azərbaycan Respublikasında bütün sahələri əhatə edən genişmiqyaslı, hərtərəfli islahatlar həyata keçirir. Xüsusilə də, 2018-ci il prezident seçkilərindən sonra bu siyasətin anonsu verilib. Həmin siyasətin ən mühüm tərkib hissələrindən birini siyasi islahatlar təşkil edib. “Siyasi partiyalar haqqında” Qanuna da bu prizmadan yanaşmaq lazımdır və buna həmin siyasi islahatların mühüm tərkib hissəsi kimi qiymət vermək lazımdır”.

E.Nəsirov əlavə edib ki, ölkə həyatında çox böyük dəyişiliklər gedir və bugünədək çox böyük proseslər yaşanıb:

“44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu, Ali Baş Komanda yeni tarix yaradıb. Yeni tariximiz isə bütün sferalara öz təsirini göstərir. Eyni zamanda partiya münasibətlərinə də təsirsiz qalmır. Qeyd edim ki, həmin tarixi qələbənin əldə edilməsində həmin siyasi partiyalar da birlik nümayiş etdirdilər. Bu yeni qanunun qəbul edilməsi, təsdiqlənməsi ölkəmizdə partiyalar arası dialoq, həmçinin siyasi sisteminin inkişafı mənafeyinə, maraqlarına xidmət göstərəcək”.

“Əlbəttə, müzakirələr zamanı müxalif partiyalar özlərinin müəyyən narazılıqlarını bildirdilər. Yekunda isə əsas fikir və ideya ondan ibarət oldu ki, bu ilkin müzakirədir. Bu müzakirədə təkcə tənqid etmək yox, həm də tövsiyələr vermək lazımdır.  Həm də konstruktiv tövsiyələr və təkliflər olmalıdır, yəni bütün bu yanaşmalar əsaslandırılmış olmalıdır. Burada həm iqtidar, həm müxalifət partiyalarının vahid mövqeyi isə o oldu ki, belə müzakirələrin keçirilməsi vacibdir və növbəti dəfə də belə bir ictimai müzakirə keçirilməlidir. Bu, həm də plüalirzmdir, plüarizm isə demokratiyanın əsas elementlərindən biridir. Müzakirələrdən sonra Parlamentin Plenar iclasında bu qanuna üç oxunuşda baxılacaq və təsdiqini tapacaq. Bu prosesin özü də onu göstərir ki, “Siyasi partiyalar haqqında” Qanunun qəbul məsələsi bu gün çox siyasi məna və əhəmiyyət kəsb edən məsələlərdir. Və cəmiyyətimizdə, ictimaiyyətimizdə bu məsələyə çox böyük diqqət vardır”.
Gundelik-Baku.Org