“Rusiya vasitəçilik etmək istəyir, ya Ermənistanı dəstəkləyir?”-Deputatdan AÇIQLAMA

“Rusiya vasitəçilik etmək istəyir, ya Ermənistanı dəstəkləyir?”-Deputatdan AÇIQLAMA
Son vaxtlar Ermənistanın antiRusiya fəaliyyəti məlum məsələdir. Uzun müddət Moskvaya arxalanan İrəvanın yeni “dostlar” tapdıqca öz “köhnə dostuna” üz çevirməyə başlaması əslində Paşinyanın elə erməni xislətindən irəli gəlir desək yanılmarıq. Tez-tez Qarabağda Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki fəaliyyətinə tənqidi açıqlamaların verilməsi, baş verən proseslərdə birbaşa onların məsuliyyət daşıdığının dilə gətirilməsi, bununla yanaşı KTMT-dən çıxmaq istəyi də dediklərimizə əsas verir.
Lakin proseslər heç də Nikolun arzuladığı kimi irəliləmir. Yanvar ayının sonlarına doğru İsrailin İrana hücumlar etməsi və qarşılığında müttəfiqi olan ABŞ-ın da prosesə müdaxilə ehtimalı Paşinyanın Rusiyaya üz tutmasına səbəb oldu. Görünən odur ki, gedişatın Ermənistan üçün də mənfi nəticələnəcəyindən qorxuya düşdüyü üçün bu varianta əl atıb. Deyəsən elə Rusiya da bunu gözləyirmiş ki, ardınca Ermənistan maraqlarına uyğun çıxışlar səsləndirməyə başladı.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu günkü reallıqda Nikol Paşinyan Rusiyanı manipulyasiya etməklə məşğuldur:
“Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən qeyd edir ki, KTMT-dən çıxmaq lazımdır, adınca isə açıqlama verərək belə bir iddia irəli sürür ki, biz bu təşkilatdan uzaqlaşmırıq onlar özü bizdən uzaqlaşır. Eyni zamanda, rus qoşunlarının Gümrüdən və digər ərazilərdən çıxarılmalı olduğuna da diqqət çəkib. Bunun ardınca isə fevralın 20-də 200 nəfərlik Avropa İttifaqının müşahidə missiyasını öz ərazilərinə gətirdi. 2 il mandata sahib olan missiyanın bölgəyə gəlməsi o deməkdir ki, bunun ardınca hərbi iğtişaş da baş tutacaq.
Lakin son zamanlar Ermənistan Rusiyaya xoş olan jestlərlə də çıxış edir. Elə Rusiya özü də Paşinyana münasibətdə müəyyən müsbət addımlar atır. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” kanalına müsahibəsində “Rusiyanın Ermənistanda KTMT missiyasının yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər Ermənistan hələ də maraqlıdırsa, missiya bir-iki gün ərzində yerləşdirilə bilər”, -deyə qeyd edib. Eyni zamanda, bəyanatda yer alan fikrə görə, Ermənistan və Azərbaycanın Avropa İttifaqı ilə birlikdə sülh müqaviləsini bağlamağa hazır olduqları haqqında sənəddə sülh müqaviləsinin 1991-ci ilin Almatı Bəyannaməsinin şərtləri əsasında imzalanacağı deyilir.
Bilirik ki, SSRİ vaxtında Qarabağ Azərbaycan ərazisi idi. Bu isə Ermənistanın xoşuna gəlməyən bəyanatdır. Lakin bununla yanaşı, Rusiya müdafiə naziri “Dağlıq Qarabağ” ifadəsini hələ də işlədir, toponimlərdə erməni adlarına yer verir. Bir sözlə, “qamçı və kökə” siyasətini yeridirlər. Paşinyan isə gah Moskvanın, gah Vaşinqtonun, gah da Parisin fikirlərini səsləndirir. Hətta eyni gündə bir məsələ ilə bağlı fikrini dəyişə də bilir. Bu daima belə olub “.
Gundelik-Baku.Org