Növbəti üçtərəfli görüş: Nə gözlənilir?

Növbəti üçtərəfli görüş: Nə gözlənilir?
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada görüş keçirə və Rusiya lideri Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilər. Danışıqların oktyabrın sonu baş tutacağı ehtimal olunur. Danışıqların keçirilməsi üçün isə Moskva və Soçi nəzərdən keçirilir.
Mözvu ilə bağlı danışan deputat Elman Nəsirovun sözlərinə görə, belə üçtərəfli görüş axrıncı dəfə 2021-ci ildə Soçidə keçirilmişdi, bu istiqamətdə təşəbbüs daha çox Brüsselə məxsus idi: “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə 4 dəfə bu formatda görüş keçirilib. Sonuncu görüşdə Praqada Fransa prezidenti Emmanuel Makron da iştirak edib. Lakin Makronun iştirakı görüşə çox böyük bir kölgə saldı, zərbə endirdi”.
Onun sözlərinə görə, Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən görüş bir sıra məsələlər baxımından maraq doğurur: “Birincisi, son günlər Ermənistana ABŞ konqresmenlərinin intensiv səfərləri müşahidə olunmaqdadır. Səfərlər çərçivəsində onlar açıq şəkildə Rusiyanın Ermənistanın müttəfiqi olmadığını, müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiklərini, xüsusilə təhlükəsizlik sahəsində Moskvanın İrəvanı dəstəkləmədiyini qabardır və qeyd edirlər ki, belə olan vəziyyətdə ABŞ həm Ermənistanın, həm də “Artsax”ın təhlükəsizliyini təmin etməyi üzərinə götürə bilər”.
Deputat qeyd edib ki, bütün bunları Rusiya izləyir: “İkincisi, Paşinyanın xahişi əsasında Avropa İttifaqının mülki missiyası 2 ay müddətinə Ermənistana gəlib. Bu günlərdə Paşinyan qeyd etdi ki, onların müddəti uzadıla da bilər və həmçinin bildirdi ki, onların ekspert dairələri bunun daimi olmasını istəyirlər. Avropa İttifaqının belə missiyası heç vaxt Ermənistanda olmayıb. Onlar Azərbaycana da gəlmək istəyirdilər, amma Prezident İlham Əliyev bildirdi ki, belə bir missiyaya bizim ehtiyacımız yoxdur, çünki hərbi təxribatlara Ermənistan əl atır və onlar oturub Ermənistanı izləsinlər. Üçüncüsü, oktyabrın 21-dən 27-ə qədər ATƏT-in də monitorinq missiyası Ermənistana gəlib. Ermənistanın siyasi rəhbərliyi sanki proseslərdən Rusiyanı uzaqlaşdırır və Avropa İttifaqını çağırır. Bütün bunlar Kremlin diqqətindən yayınmır. Rusiya artıq fikirləşir ki, Paşinyan indiyə qədər iki stolda əyləşirdi, lakin indi sadəcə bir stolda əyləşmək istəyir”.
E.Nəsirova  görə, Rusiya artıq dərk edir ki, bütün bu reallıqlar Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaq mahiyyətini özündə kəsb edir: ”Hazırda faktiki olaraq Rusiya ilə Qərb faktiki olaraq toqquşmaqdadır. Belə olan vəziyyətdə estafeti əldən verməmək üçün Rusiya prezidenti Ermənistan və Azərbaycanın görüşünü keçirir. Mənə elə gəlir ki, burda əsas söz sahibi Rusiyadır və mesaj da bundan ibarətdir. Müsahibimizin fikrincə, Paşinyanın atdığı addımlar Moskvanın qəzəbinə səbəb olacaq: “Ümid edirik ki, Putinin keçirdiyi görüşdə Rusiya tərəfi sərhədlərin delimitasiyası məsələsində daha prinsipial addımlar atsın və bu problemin həllində daha ciddi iş görülsün. Çünki əsas xəritələr Rusiyanın ərazisində yerləşir. Rusiyanın keçirdiyi görüşün beynəlxalq aləmdə daha maraqla izlənəcəyini proqnozlaşdırmaq olar”, - deyə Elman Nəsirov bildirib.
Gundelik-Baku.Org