Lavrov-Abdullahian görüşü: "İran Ermənistanın vəkili kimi çıxış edəcək, Rusiya isə..." - ŞƏRH

Lavrov-Abdullahian görüşü: "İran Ermənistanın vəkili kimi çıxış edəcək, Rusiya isə..." - ŞƏRH
İranın xarici işləri Hüseyn Əmir Abdullahian yanvarın 17-si Moskvada Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşəcək.Nazirlərin görüş zamanı bir sıra məsələlərlə yanaşı Cənubi Qafqazdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparacağı qeyd olunur.
 
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Nəsirov görüşdə İranın Ermənistanın "vəkili" kimi çıxış edəcəyini deyib:
 
"İran tərəfi birmənalı olaraq gizlətmədən Ermənistanın yanında yer alıb. Bunu faktlarla sübut etməyə də ehtiyac yoxdur. Bu günlərdə Antalyada Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova iranlı həmkarı ilə görüşü zamanı İran tərəfi yenidən çeynənmiş mövqeyini ifadə edərək bildirdi ki, regiona üçüncü tərəfin müdaxiləsi yolverilməzdir. Şuşa-Xankəndi yolunda davam edən aksiyaya görə, Ermənistan hazırda Rusiyanı ittiham edir ki, onlar etiraz dalğasını dağıtmalı idilər. Düşünürəm ki, bu səbəblə danışıqlar prosesində İran Ermənistanın vəkili kimi çıxış edəcək. Yəni Paşinyanın etirazları İran XİN rəhbərinin dilindən səsləndiriləcək. 
İran-Rusiya münasibətləri Ukrayna ilə müharibə fonunda daha da istiləşib. Artıq Rusiya KİV-nin yaydığı məlumatlara görə, Rusiya tərəfi hücum taktikasına keçir. Belə olan təqdirdə İran hərbi texnikasına ehtiyac var. Bu səbəblə tərəflər arasında hərbi əməkdaşlıq məsələsi də gündəmdə olacaq".
E.Nəsirov İran tərəfinin Ermənistanla bağlı istəklərinin reallaşmayacağını vurğulayıb. Millət vəkili Rusiyanın Azərbaycanla münasibətləri korlamaq niyyətində olmadığını qeyd edib:

"Rusiya-Ermənistan münasibətləri özünün gərgin dövrünü yaşayır. Qeyd etmək lazımdır ki, Paşinyan hökuməti yanvar ayının 12-dək Rusiyanın qarşısına vaxt qoymuşdu ki, azərbaycanlı ekofəalların qarşısı alınsın. Bu baş vermədi və bunun qarşılığında Ermənistan tərəfi KTMT-nin Ermənistanda keçirilməli olan hərbi təlimlərinin keçirilməyəcəyini bəyan etdi. Eyni zamanda 102-ci hərbi bazanın Ermənistandan çıxarılması, Ermənistanın KTMT-dən çıxması kimi məsələlər də gündəmdədir. Bu cür kritik vəziyyətdə düşünürəm ki, İranın vasitəçilik etməsi hansısa nəticəni verməyəcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət həyata keçirir və təbii ki, Rusiya-Azərbaycan münasibətlərinin məlum səviyyəsindən çıxış edərək addımlar atır. Bu baxımdan Rusiya heç zaman Azərbaycanla münasibətləri korlamaq istəməz".
Gundelik-Baku.Org