Paşinyan nəyə arxayındır? - “Hindistan və İrandan aldığı silahlar...”

Paşinyan nəyə arxayındır? - “Hindistan və İrandan aldığı silahlar...”
“Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da olarkən Vaşinqtonun istədiyi fikirləri səsləndirir, Fransada olanda isə rəsmi Paris nəyi eşitmək istəyirsə, onu söyləyir. Eyni zamanda, Rusiyaya səfər edərkən Kremli dəstəkləyir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov deyib.
O, Nikol Paşinyanın bugünkü mətbuat konfransı zamanı bildirib: “Azərbaycanla sərhəddə və Qarabağ ətrafında yeni hərbi eskalasiya riski yüksəkdir”.
Öz növbəsində, E. Nəsirov hesab edir ki, Ermənistanda Paşinyan kimi öz bəyanatları ilə özünü təkzib edən ikinci bir siyasətçi olmayıb:
“Əgər o dünən Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini söyləyibsə, bir gün ona əlavələr edilməsinin vacibliyindən danışır. Başqa gün isə elə fikirlər səsləndirir ki, bununla da sülh müqaviləsinin imzalanmasını qeyri-mümkün edir.
İndi də mətbuat konfransı keçirir və Azərbaycanla Ermənistan arasında yenidən hərbi toqquşmanın mümkünlüyünə dair bir tezislə çıxış edir, sərhəddəki gərginliyin hər an alovlana bilməsindən danışır. Faktik olaraq, Baş nazir revanşistlərin səsləndirdiyi fikirlərə dolayısıyla haqq qazandırır. Bu cür sülhə getmək olarmı?!”
Müsahibimiz xatırladıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən görüşdə Paşinyan elə bir fon yaratdı ki, guya o da sülhdə maraqlıdır və tezliklə sülh müqaviləsini imzalamaq istəyir:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev də istənilən beynəlxalq kürsüdən bildirir ki, sülh müqaviləsini imzalamağa və bunu sözdə deyil, əməli addımlara sübut etməyə hazırıq. Bu, Azərbaycanın prinsipial mövqeyidir.
İndi Ermənistan elə bir mövqe ortaya qoyur ki, ipinin üstünə odun yığmaq olmaz. Onlar eyni vaxtda iki stulda əyləşmək siyasətini həyata keçirir, gah qərbə, gah şərqə, gah şimala, gah da cənuba baxır. 
Görünür ki, Ermənistanın yenidən hərbi ritorikaya qayıtmasında Hindistan və İrandan aldığı silahlar öz rolunu oynayıb. Amma yaddan çıxarmamalıdır ki, qarşısında qalib dövlət, onun yenilməz ordusu, Müzəffər Ali Baş Komandanı dayanır. Əgər Ermənistan yenidən hərbi təxribata əl atıb, Ermənistan-Azərbaycan sərhədində böyük hərbi insidentə imza atsa, bu, Ermənistana baha başa gələcək və peşman olacaqlar”.
Onun fikrincə, belə bir addım atmaq Ermənistan siyasi rəhbərliyini siyasi meyitə çevirə bilər:
“Yəni Azərbaycanla hərbi münaqişəyə girmək və Azərbaycana qarşı irimiqyaslı hərbi təxribat törətmək, hətta Üçüncü Qarabağ müharibəsinə başlamaq fikrinə düşmək sözün həqiqi mənasında Ermənistan siyasi rəhbərliyinin siyasi dəliliyinin ifadəsi olacaq, həm də onları siyasi meyitə çevirəcək. Bunu artıq bir teorem kimi yox, əksinə, aksiom kimi qəbul etmək lazımdır”.
Gundelik-Baku.Org