Putinin Paşinyana verəcəyi cəza: “Gümrüdəki hərbi baza vasitəsilə...”- MÖVQE

Putinin Paşinyana verəcəyi cəza: “Gümrüdəki hərbi baza vasitəsilə...”- MÖVQE
“Rusiyanın Ermənistanı yerində oturtmaq üçün müəyyən təsir mexanizmlərini işə sala biləcəyini indidən söyləmək olar”.


Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında Rusiya ordusunun ölkəsinin təhlükəsizliyinə təhdid olduğunu deməsinə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında deyib.

O, bildirib ki, Paşinyanın Rusiya əleyhinə çıxışlarının ritorikası yanvarın 10-u daha da sərtləşdi:
“Paşinyan elə bir çıxış etdi ki, sanki Ermənistan daha Rusiyanın müttəfiqi, KTMT-nin üzvü deyil, müstəqil dövlətdir. O, yanvarın 12-nə qədər Rusiya sülhməramlılarının Azərbaycanlı eko-fəalların etirazının qarşısını almayacağı təqdirdə Ermənistanın KTMT-dən imtina edəcəyini bildirib. Paşinyan elə ayın 10-u KTMT-nin İrəvanda keçiriləcək hərbi təlimlərindən imtina edilməsi ilə bağlı mövqeyini bildirib.
Paşinyan bir müddət öncə KTMT-nin Ermənistanda keçirilən yekun sənədlərinin qəbuluna da etiraz edib.
Bundan başqa, İrəvan Ermənistan-Azərbaycan XİN rəhbərlərinin Rusiyanın təşəbbüsü ilə keçirilən görüşündən də imtina edib.
Bunlar hamısı Ermənistanın Rusiyaya qarşı demarşlarıdır. Ermənistan rəhbərliyinin bu davranışına Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dərhal cavab verərək, məsələnin təfərrüatları ilə araşdırılacağını qeyd edib.
Nəzərdən keçirdiyimiz bu hadisələr fonunda Rusiyanın Ermənistanı yerində oturtmaq üçün müəyyən təsir mexanizmlərini işə sala biləcəyini indidən söyləmək olar. Hansı təsir mexanizmləri? Gümrü şəhərində Rusiyanın hərbi bazası, Ermənistan iqtisadiyyatı, dəmir yolları, AES və sair. Ən güclü təsir mexanizmi isə Avropaya satılan qiymətə Ermənistana qaz verilməsidir. Bu isə Ermənistan iqtisadiyyatının çöküşü deməkdir.
Bu gün Moskva-İrəvan münasibətləri ən gərgin dövrünü yaşayır. İndi məlum olub ki, Ermənistan dövləti artıq Avropa İttifaqının müşahidəçi missiyasının müddətini də uzadıb. Hətta ATƏT-dən müşahidəçi missiyasının gəlməsinə maraqlıdır. Yəni atılan bütün addımlar anti-Rusiya siyasətinə hesablanıb. Moskvanın-İrəvana qarşı yaxın perspektivdə çox sərt təsir üsullarına əl atacağı istisna deyil”.
Gundelik-Baku.Org