“Xankəndidə asayişə Azərbaycan nəzarət edəcək” – Elman Nəsirov

“Xankəndidə asayişə Azərbaycan nəzarət edəcək” – Elman Nəsirov
Ermənistanda daxili qoşunların ləğvi Qarabağda özünümüdafiə adı ilə fəaliyyət göstərən qanunsuz erməni polisinin ləğvinə, yavaş-yavaş onların da sıradan çıxarılamasına doğru addımdır. Belə ki, Xankəndidəki bu polislər Ermənistanın Daxili Qoşunlarına tabe idilər.

Məsələni şərh edən Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, sözügedən yanaşmanın altında müsbət prosesin başlanğıcı kimi dəyərləndirilə biləcək müəyyən gizli mətləblər vardır:

“Bu müəyyən mənada müsbət prosesin başlanğıcı kimi də dəyərləndirilə bilər. Qarabağdakı separatçı rejimin tör-töküntüləri də İrəvandan idarə olunur. Onların maliyyə, maddi dəstəyi olmasa bir gün də qala bilməzlər.

Silah-sursatla da yardım göstəriblər. Son zamanlar ekofəallarımızın fədakarlığı ilə bunun qarşısı xeyli alınıb. İndiki vəziyyətdə Ermənistan güc strukturlarında belə dəyişiklik edirsə, onun anoloji olaraq separatçı rejimin tör-töküntüləri tərəfindən təkrarlanması ehtimalı da kifayət qədər böyükdür. Çünki tapşırıq İrəvandan gəlir”.

Bu mənada da deputat Ermənistanda daxili qoşunlarla bağlı atılan addımın Qarabağ separatçıları tərəfindən anoloji olaraq təkrarlanacağını istisna etmir:

“Belə olan halda Ermənistanda daxili qoşunların ləğvi prosesinin anoloji olaraq Qarabağdakı separatçı rejim daxilində təkrarlanacağı da istisna deyil. Daxili qoşunlar olmadığı təqdirdə isə, bu Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələrin çıxarılması, tərksilah edilməsi prosesini də sürətləndirə bilər. Yəni onun üçün yaşıl işıq yandırar.

Paşinyan gözəl bilir ki, növbəti müharibə Ermənistan üçün fəlakətdir. Bu halda Paşinyanın özü siyasi meyit statusuna enəcək. Belə olan təqdirdə İrəvana sülh müqaviləsi lazımdır”.
E. Nəsirov deyir ki, Paşinyanın Ermənistanda bu kimi dəyişikliklər etməsi və anoloji hadisənin Qarabağda da təkrarlanması nəticə etibarı ilə sülh prosesinə də müəyyən mənada yol açacaq addımlar ola bilər:

“Bu məsələyə nikbin yanaşmaq istərdim”.
Gundelik-Baku.Org