“Ermənistanın bu siyasəti Rusiyanı hiddətləndirəcək”

“Ermənistanın bu siyasəti Rusiyanı hiddətləndirəcək”
Məlum olduğu kimi, Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransa liderləri arasında keçən ilin oktyabrında Praqada əldə edilmiş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirilib. Missiya 2 aylıq nəzərdə tutulmuşdu və müddət dekabrın 19-da tamamlandı. Lakin Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin açıqlamasından məlum oldu ki, Aİ Ermənistana uzunmüddətli missiya göndərməyə qərar verib.
Məsələ ilə bağlı news365.az-a  danışan millət vəkili Elman Nəsirov bildirir ki, Rusiyanın müttəfiqi olan Ermənistan artıq anti- Rusiya siyasəti həyata keçirməkdədir:
“Əvvəlcə Ermənistan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı( KTMT)”ndan çıxması, Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması tələbini irəli sürdü. İndi isə Paşinyan hökuməti açıq şəkildə qərbyönümlü xəttə keçid edib. Ermənistan Avropa İttifaqının mülki missiyasını iki ay müddətinə Ermənistana dəvət etdi. İndi isə onlar həmin missiyanın müddətinin iki ilə qədər artırılmasını, 40 nəfərlik heyətin 200 nəfərlik heyətlə əvəzlənməsini və bu missiyaya hərbi elementlərin əlavə edilməsini istəyirlər”.
Bununla yanaşı deputat qeyd edir ki, Ermənistan tərəfi mülki missiya adı altında hərbi qüvvələri bölgəyə gətirməyə çalışır:
“Mülki missiya adı altında Fransa jandarmı və alman polislərinin də prosesə cəlb edilməsi haqqında razılaşma var. Artıq mülki missiya ifadəsini işlətmək düzgün olmaz. Faktiki olaraq, Ermənistan mülki – hərbi missiyasını dəvət edir. Gələcəkdə isə bu missiyanın tamamən hərbi missiyaya çevrilməsi mümkündür. Başqa sözlə, artıq KTMT-nin NATO ilə əvəzlənməsi anlamına gəlir”.
Deputat bildirir ki, Ermənistanın bu addımlarının Rusiyanı hiddətləndirəcəyi və Kremlin Ermənistanla bağlı ciddi ölçü götürəcəyi istisna edilmir.
Gundelik-Baku.Org