Soçidə Ermənistandan haqq-hesab tələb olunacaq - Deputat

Soçidə Ermənistandan haqq-hesab tələb olunacaq - Deputat
Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, biz uzunmüddətli sülhə hədəflənmişik. Əlbəttə, Azərbaycan nəhayət, bu sülhə nail olmaq üçün  öz tərəfindən kifayət qədər konstruktiv tezislər təklif edib. İndi gündəmin müzakirə mövzularından biri bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan sözdə sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bildirsə də, reallıqda öz ampluasında qalaraq manipulyasiyalarla vəziyyəti bir az da olsa öz xeyrinə dəyişmək istəyir. Azərbaycan isə həmişə haqlı mövqeyini nümayiş etdirir.
Xatırladaq ki, sonuncu dəfə Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş ötən il noyabrın 26-da keçirilmişdi. Həmin tarixdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri N.Paşinyan arasında beş dəfə görüş olub ki, bunlardan dördü Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə, biri isə Praqada keçirilib.
Xəbər verildiyi kimi, növbəti dəfə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə üçtərəfli görüşün təşkili nəzərdə tutulub. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov hesab edir ki, regionda baş verən proseslər və tendensiyalar bu görüşün keçirilməsini zərurətə çevirib. Deputatın sözlərinə görə,  Rusiya Prezidenti Vladimir Putin fərqindədir ki, müttəfiqi hesab etdiyi Ermənistan bu gün Qərbin maraqlarına uyğun addımlar atır: “Praqa görüşündə Ermənistan baş naziri Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsini xahiş etdi. İlk dəfədir ki, Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisindədir və monitorinq aparır. Ermənistan ümid edir ki, onlar Azərbaycanı təcavüzdə ittiham edəcək, Rusiyaya qarşı mövqe ortaya qoyacaqlar. Eyni zamanda, oktyabr ayının 21-də yenə də Ermənistanın təşəbbüsü ilə ATƏT-in monitorinq missiyası oraya gəlib. Missiya bu ayın 27-dək Ermənistan ərazisində monitorinq aparmalıdır. Halbuki həmin ATƏT və onun Minsk qrupu 30 il ərzində münaqişəni həll etmədi. Əksinə münaqişənin dondurulması ilə məşğul oldu”.
E.Nəsirov, həmçinin son günlər Ermənistanın paytaxtına ABŞ konqresmenlərinin səfərlərinə diqqət çəkərək bildirib ki, bu səfərlər çərçivəsində Rusiya ittiham olunur: “Azərbaycan əleyhinə mövqe bildirilir. Eyni zamanda, qeyd olunur ki, Rusiya edə bilmirsə, ABŞ Ermənistanın və qondarma “Artsax” dedikləri separatçı rejimin təhlükəsizliyini təmin edə bilər. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri oldu. Bu səfər çərçivəsində həm də o, Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil qərargahına getdi”.
Millət vəkili, politoloq E.Nəsirov qeyd edib ki, bütün sadalanan bu addımların heç biri Rusiyanın gözündən yayınmır: “ Hesab olunur ki, artıq Paşinyan hakimiyyəti “iki stul”da deyil, “bir stul”da oturmağa üstünlük verib. Yəni, Qərbin yaratdığı, ortaya qoyduğu “stul”da... Mənə elə gəlir ki, bütün bu reallıqları nəzərə alsaq Soçi görüşündə çox ciddi müzakirələr aparılacaq, həm də Ermənistanın siyasətində baş verən bu proseslərə aydınlıq gətiriləcək. Rəsmi Moskva hesab edir ki, Qərbin bütün addımları Rusiyanı Cənubi Qafqazdan çıxarmağa yönəlib. Bununla da Rusiya heç bir halda barışmaq istəmir və Ermənistanın da bu prosesdə bir maşa rolunu oynadığının fərqindədir. Bütün bu mülahizələrdən çıxış edərək bu qənaətə gəlmək olar ki, Soçidə aparılacaq müzakirələrdə Ermənistandan çox ciddi haqq-hesab tələb olunacaq”.
Gundelik-Baku.Org