“Ermənilərin onları kütləvi məzarlıqda dəfn etməsi bir daha göstərdi ki...” – Deputatdan ŞƏRH

“Ermənilərin onları kütləvi məzarlıqda dəfn etməsi bir daha göstərdi ki...” – Deputatdan ŞƏRH
“Cənab prezident İlham Əliyev Ermənistan siyasi rəhbərliyi ilə apardığı danışıqlarda hər dəfə 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı Ermənistanın Azərbaycana heç bir məlumat verməməsi məsələsini qaldırır”.
Bu sözləri açıqlamasında Azərbaycanın Milli Məclisinin deputatı Elman Nəsirov deyib.
“Bilirsiniz ki, Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq tapılıb və bu məzarlıqda hərbçilərin qalıqlarının olması ilə bağlı ehtimallar var. Söhbət Birinci Qarabağ müharibəsi vaxtı əsir düşmüş 25 nəfər hərbçilərimizin taleyindən gedir. Ermənilərin qəddar davranış ortaya qoyaraq onları kütləvi məzarlıqda dəfn etməsi bir daha göstərdi ki Ermənistan silahlı qüvvələri, eyni zamanda separatçı rejimin qeyri-qanuni hərbi birləşmələri Birinci Qarabağ müharibəsində də beynəlxalq hüquqa daban-dabana zidd olan və beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atıb tapdalayan addımlara imza atıblar. Onlar humanitar hüququn bütün prinsiplərini pozublar. Xüsusilə də 1949-cu ilin Cenevrə Konvensiyasını və 1977-ci ildə o konvensiyaya edilən əlavələrdən irəli gələn prinsiplərə tamamilə zidd davranış ortaya qoyublar. Bu isə hərbi cinayətdir və Ermənistandakı hərbi-siyasi hakimiyyət buna görə məsuliyyət daşıyır. Cənab prezident İlham Əliyev Ermənistan siyasi rəhbərliyi ilə apardığı danışıqlarda hər dəfə 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı Ermənistanın Azərbaycana heç bir məlumat verməməsi məsələsini qaldırır. Ermənistan dövləti və onun ali siyasi rəhbərliyi buna görə məsuliyyət daşıyır.
Ermənistan hər dəfə bu məsələdən yayınmağa çalışır, ancaq Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın tapılması və həmin məzardakı qalıqların hərbçilərə aid olması ilə bağlı ehtimalların üzə çıxması bu məsələni yenidən aktuallaşdırıb. Ermənistan tərəfi bu məsələrə görə cavabdehlik daşıyır və cavab verməlidir. Həmçinin 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı da məlumat verməlidir.
Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel danışıqlarında Azərbaycan Prezidenti bu məsələri qaldırıb. Şarl Mişel də humanitar məsələrin müzakirəsi fonunda Azərbaycanın mövqeyini müdafiə edib. Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bu humanitar məsələnin həlli istiqamətində konkret addımlar atmalıdır. Çünki bunlar olmayacağı təqdirdə sülh müqaviləsinin imzalanması çox müşkül bir məsələyə çevrilir”.
Gundelik-Baku.Org