“Ermənistanın kapitulyasiya aktına imza atması təsadüfən baş vermədi” - Deputat

“Ermənistanın kapitulyasiya aktına imza atması təsadüfən baş vermədi” - Deputat
“Bu gün 2022-ci il 10 noyabr tarixində Ermənistanın kapitulyasiya aktına imza atmasının 2 ili tamam olur. Ermənistanın kapitulyasiya aktına imza atması təsadüfən baş vermədi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Paşinyan yəqin ki, ağlaya-ağlaya, göz yaşları içərisində bu sənədə imza atdı. Harada imza atdığı da məlum deyildi. Ancaq məcbur oldu ki, bu addımı atsın. Biabırçı məğlubiyyət onu bu addımı atmağa vadar etdi. Rusiyalı ekspertlər yekdil mövqedədirlər ki, əgər Paşinyan bu addımı atmasaydı, belə olan vəziyyətdə təxminən 20 min əsgəri müharibədə məhv ediləcəkdi. Yeganə yol o idi ki, kapitulyasiya aktına imza atsın. Bununla da 10 noyabr sənədi meydana gəldi. Azərbaycan, Rusiya və Ermənistan siyasi liderlərinin imzaladığı bu sənəd postmüharibə dövrünün yol xəritəsi də hesab oluna bilər. 9 bənddən ibarət olan bir sənəddir”.
Bu sözləri açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, bu sənədin bir sıra bəndləri işlədi. Xüsusilə də bunlar Ağdam, Kəlbəcər, Laçının azad edilməsi, Rusiya sülhməramlı qüvvələrinin gətirilməsi, atəşkəsə nəzarət üzrə monitorinq mərkəzinin yaradılması ilə bağlı məsələlərdir:
“Bu kimi məqamlar sənəddə razılaşdırılmışdı və real həyatda da öz əksini tapdı. Ancaq bu sənədin 4-cü bəndinə fikir versəniz görəcəksiniz ki, qarşılıqlı razılaşma əsasında rusiya sülhməramlıları bölgəyə gətirilir. Paralel şəkildə də erməni silahlı qüvvələrinin çıxarılması məsələsi də öz əksini tapıb. Ermənistanın kapitulyasiya aktının imzalamasından 2 il keçir. Lakin bu illər ərzində Ermənistan bu bəndi icra etmir. Təəssüf hissi ilə qeyd edirəm ki, Rusiya sülhməramlıları da bu məsələdə müşahidəçi mövqeyindədir. Bir çox hallarda Ermənistan silahlı qüvvələrinin qanunazidd fəaliyyəti üçün şərait yaradırlar. Xüsusilə də Ermənistandan Laçın dəhlizi vasitəsilə Xankəndinə silah-sursat daşınmasına göz yumurlar. 4-cü bənd heç bir halda icra edilməyib”.
Elman Nəsirov vurğulayıb ki, bu sənədin 9-cu bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası məsələsi öz əksini tapır:
“Eyni zamanda, Ermənistanla Azərbaycan arasında iqtisadi nəqliyyat əlaqələrin bərpası ilə bağlı məsələlərdir. Bu, ilk növbədə, Zəngəzur dəhlizinin işə salınması ilə bağlı məqamdır. Azərbaycan bu istiqamətdə addımlar atır. Horadizdən Ağbəndə qədər dəmir yol və avtomobil xətləri çəkilir. Ermənistan isə nəinki, Azərbaycanın əsas hissəsi ilə Naxşıvanı birləşdirən yolun 45 km-lik hissəsinin çəkilməsinə başlayıb. Hətta onun texniki-iqtisadi əsaslandırmasını belə həyata keçirməyib. Yəni yenə də bu bəndin işləməsinin qarşısını alır. Təbii ki, bunlar suallar yaradan məsələlərdir. Ali Baş Komandan, cənab İlham Əliyev bir neçə dəfə çıxışlarında söyləyib ki, belə olacağı təqdirdə biz də tarixi ədalətin bərpası istiqamətində addımlar ata bilərik. Bildiyimiz kimi, Zəngəzur 1920-ci ildə qeyri-qanuni Ermənistana verilib. Bu halda bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Eyni zamanda, 1923-cü il iyul ayının 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qeyri-qanuni idi. Bu, Azərbaycan ərazisində mina yerləşdirilməsi anlamında idi. Məhz 2021-ci il iyul ayının 7-də cənab Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqda fərman imzaladı”.
Siyasi elmlər doktorunun sözlərinə görə, Azərbaycanın mövqeyi bəllidir. Mövqe ondan ibarətdir ki, bu münaqişə bitib. İndi postmünaqişə dövrünün həllini gözləyən müəyyən məsələlər var:
“Azərbaycan bu məsələlərin tənzimlənməsində əməkdaşlığa üstünlük verir. Biz müharibə istəmirik. Biz istəyirik ki, dinc və diplomatik yolla həm sərhədlərimiz müəyyən edilsin, həm kommunikasiya-iqtisadi əlaqələrimiz bərpa edilsin. Sülh müqaviləsinin imzalanması ilə bağlı real addımlar atılsın. İşçi qruplar fəaliyyətə başlasınlar, görüşlər keçirilsin. Ancaq bir çox hallarda Ermənistan 10 noyabr kapitulyasiya sənədindən irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində heç bir addım atmır. Hətta sülhdən danışan, ilin sonuna qədər Azərbaycanla biz sülh müqaviləsi bağlamaq istəyirik deyən Ermənistan baş naziri bu günləri Hindistandan 270 milyon dollarlıq silah-sursat alır. Paşinyan İrana səfər edir və PUA-ların alınması haqda müzakirələr gedir. Mətbuatın da yaydığına görə bu istiqamətdə artıq müəyyən razılaşmalar var. Ermənistanın hərbi büdcəsi bu il üçün 754 milyon dollardır. 2023-cü il üçün isə 1,2 milyard dollara qədər qaldırmaq istəyir. Bütün bu əlamətlər onu göstərir ki, Ermənistan sülhdən çox müharibəyə hazırlaşır. Onun arxasında da havadarları var. Cənab Prezident Zəfər günü ilə bağlı Şuşaya səfəri zamanı hərbçilər qarşısında çox möhtəşəm çıxış etdi. Bu çıxışında da eyni zamanda, Ermənistana havadarlıq edən tərəflərə də xəbərdarlıq etdi ki, bu davranış heç bir halda regionda sülhə, təhlükəsizlik mühitinin qorunmasına xidmət etmir. Bu, həmin tərəflər üçün çox ciddi məsuliyyət yaradır. Bunu unutmasınlar. Azərbaycan sülh istəyir. Amma istənilən vaxtda müharibəyə hazırdır. Torpaqlarımızın üzərində suverenliyimizi danışıqlar yolu ilə deyil, hərbi yolla təmin etdik. Ona görə də Ermənistan kapitulyasiya aktının imzalanmasından 2 il keçdikdən sonra gərək bu realllığı heç vaxt unutmasın”.
Gundelik-Baku.Org