Bu dəfə Putin daha səmimi idi - Deputat “Soçi görüşü”nü şərh edir

Bu dəfə Putin daha səmimi idi - Deputat “Soçi görüşü”nü şərh edir
Xəbər verdiyimiz kimi, dünən baş tutan üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş də keçirilib. Görüşdə Ermənistan-Azərbaycan münasibətləri, sülh müqaviləsinin əldə edilməsi yolunda atılan addımlar, habelə ikitərəfli əlaqələr məsələsinə toxunulub. 

Həmin görüşü dəyərləndirən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Putinlə Əliyev arasında keçirilən ikitərəfli görüş ciddi siyasi rezonansa səbəb olub:

"Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin dünən keçirilən görüşündən əvvəl Rusiya Prezidenti Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ayrılıqda və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildi. Bu görüşlər içərisində Azərbaycan və Rusiya siyasi liderlərinin görüşü, səsləndirdikləri fikirlər daha ciddi siyasi rezonansa səbəb olub. "Valday diskussiya klubu”ndakı çıxışında Putinin səsləndirdiyi fikirlər Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq yaradıb. Rusiyanın sentyabrda Ermənistana verdiyi 15 prinsipdən ibarət tənzimlənmə prinsipləri Azərbaycanın milli maraqlarına ziddir. Çünki burada Azərbaycan üçün qeyri-məqbul olan status məsələsi qabardılır”.




Deputat qeyd edib ki, Soçi görüşündə isə Putin "Valday”dakı davranışına uyğun olmayan yanaşma ortaya qoydu. Daha səmimi idi və onun Azərbaycanın maraqlarını nəzərə alacağı hiss olunurdu:

"Həmçinin, Azərbaycan dövlət başçısının söylədiyi fikirlər qarşısında Putinin davranışı müəyyən müsbət ovqat yaratmış oldu. İlham Əliyev bildirdi ki, Qarabağ münaqişəsi bitib, bu münaqişə artıq yoxdur. İndi postmünaqişə dövrünün həllini gözləyən məsələlər var və Azərbaycan regionda sülhə, əməkdaşlığa tərəfdardır, problemlərin həllilə bağlı konkret addımların atılmasını istəyir. Azərbaycan Prezidentinin bu ifadəsinin qarşılığında Putin fərqli mövqe ortaya qoymadı və "Valday görüşü”ndəki yanaşmasından imtina etdi. Məhz Azərbaycan Prezidentinin qətiyyətli, prinsipial, güzəştsiz mövqeyi nəticə etibarı ilə üçtərəfli bəyanatın imzalanmasını şərtləndirdi. Burada isə tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığını qəbul etdilər. Bu da Azərbaycan diplomatiyasının növbəti uğurudur”. 
Gundelik-Baku.Org