"Qələbənin üç qəhrəmanı var: Ali Baş Komandan, ordu və xalq" - Millət vəkili

"Qələbənin üç qəhrəmanı var: Ali Baş Komandan, ordu və xalq" - Millət vəkili
"Vətən müharibəsində əldə edilən tarixi qələbədə heç şübhəsiz Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Bu baxımdan Azərbaycan Prezidenti tarixi şəxsiyyətdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, zəfərin üç qəhrəmanı var:

"44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfər bizə hədiyyə edilməyib. Zəfəri döyüş meydanında, şəhidlərimizin qanı hesabına almışıq. Bu tarixi qələbənin üç qəhrəmanı var. Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və böyük xalqımız. Məhz həmin birlik tarixi qələbənin əldə edilməsinə gətirib çıxarıb. İlham Əliyev elə bir tarixi zəfərə imza atıb ki, bununla adını əbədi olaraq həm ölkə, həm də dünyanın hərb tarixinə həkk etmiş edib.

Qələbə təsadüfən əldə edilməyib. Prezidentin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı gücləndi. İqtisadi güc nəticəsində hərbi üstünlük də əldə etdik. Ən müasir silahlar aldıq, 20-dən artıq hərbi zavodu işə saldıq, 1200-dən artıq çeşiddə silah istehsal etdik. Xalqımız vətəndaş sülhünə, həmrəyliyinə qədər böyük bir yol keçən millətdir. Xalqın öz prezidenti ətrafında bir yumruq kimi birləşməsi və Prezidentin xalqın mənafeyinə cavab verən siyasət həyata keçirməsi tarixi qələbədə müstəsna rol oynadı. 




Müharibə dövründə Prezidentin yeni siyasi konfiqurasiya, yeni siyasi mədəniyyətin formaşalması istiqamətində atdığı addımlar da öz nəticəsini verdi. Demək olar bütün müxalif partiyalar hakim partiya ilə birlikdə Vətənin müdafiəsinə qalxdı, ortaq mövqe ortaya qoydular. Tarixi zəfərdə Ali Baş Komandanın mahir diplomat olması da mühüm rol oynadı. O elə bir siyasət həyata keçirdi ki, müharibəyə müdaxilə edə biləcək dövlətlər bundan çəkindilər. Azərbaycan Prezidentinin Türkiyə ilə yaratdığı münasibətlər burada öz sözünü dedi. Türkiyə bütün müharibə dövründə Azərbaycana böyük mənəvi və siyasi dəstək verdi”. 

Deputat qeyd edir ki, İlham Əliyevin hakimiyyəti dövründə ordumuz dünyanın ən güclü ordularından birinə çevrilib:

"2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollar idi. İndi isə 2,7 milyard dollardır, gələn il isə bu rəqəm 3,1 milyon dollardan çox olacaq. Dövlətimizin atdığı addımlar ordumuzun daha da güclənməsi mənafeyinə xidmət edir. Ali Baş Komandan sözün həqiqi mənasında tarixi şəxsiyyət olaraq torpaqlarımız üzərində tam suverenliyimizin təmin edilməsini reallaşdırdı. Bu addımı ilə o öz adını birdəfəlik dünyanın hərb tarixinə müzəffər prezident kimi həkk etmiş oldu”.
Gundelik-Baku.Org