Ərdoğan-Paşinyan danışıqları nə vəd edir?

Ərdoğan-Paşinyan danışıqları nə vəd edir?
Bu gün Bakı vaxtı ilə saat 20:00-da Türkiyə prezidenti Rəcəb Tayyp Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək. Görüşdə hansı məsələlərin müzakirəsi gözlənilir? Görüş nə vəd edir?
Mövzu ilə bağlı danışan deputat Elman Nəsirov Türkiyə mətbuatına əsaslanaraq tərəflərin bir neçə mühüm təkliflə çıxış edəcəyinin gözlənildiyini deyib: “2021-ci ildən başlayaraq Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələr görüşlər keçirməyə başlayıblar. Türkiyə prezidentinin bu görüşləri daha 3-cü ölkələrin ərazisində deyil, ya Türkiyə, ya da Ermənistan ərazisində keçirilməsini təklif edəcəyi ehtimal olunur.  Görüşlərin 3-cü ölkələrdə keçirilməsinin mənası yoxdur. Türkiyə və Ermənistanda keçirilən görüşlər etimad mühütinin yaranmasına xidmət etmiş olar”.
Deputata görə, eyni zamanda, Ərdoğanın regionda gərginliyin azalmasına, xüsusilə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərinin olacağı istisna deyil.

Elman Nəsirov, deputat
E.Nəsirov onu da əlavə edib ki, bu ilin iyul ayında Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Vyanada keçirilən görüş zamanı əldə edilmiş razılaşmaya görə, 3-cü ölkələrin vətəndaşları Ermənistan-Türkiyə quru sərhədindən istifadə edib keçə bilərlər: “Eyni zamanda, aviayükdaşımalarının həyata keçirilməsi ilə də bağlı birgə razılaşma əldə edilib. Pragada keçirilən bu görüş postmüharibə dövrünün həllini gözləyən məsələlərlə bağlı bir sıra məqamlara aydınlıq gətirə bilər. Türkiyə prezidentinin təkliflərindən hesab etmək olar ki, regionda sülh prosesinə töhvə verəcəyini proqnozlaşdırmaq mümkündür”.
Milli Məclisin üzvü vurğulayıb ki, Paşinyan parlamentdə son çıxışı zamanı “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi hesab etmək olarmı” sualına müsbət cavab verib: “Deyib ki, bəli, bu, belədir. Bunun günahını da Ermənistanın keçmiş prezidenti Köçəryanın və onun xarici işlər naziri Oskanyanın, həmçinin Sarkisyan və onun xarici işlər naziri Novbaryanın üzərinə atıb. Söyləyib ki, onlar hakimiyyətə gəlmələri üçün Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu şərtini qəbul ediblər. “Onlar şəxsi maraqları naminə Ermənistanın milli maraqlarını satıblar” kimi fikir söyləyib. Bütün bunlar onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi nəhayər, dərk etməlidir ki, sülhün alternativi yoxdur, varsa, bu müharibədir. Müharibədə isə Ermənistanın növbəti biabırçı məğlubiyyətə düçar olacağı bəlli məsələdir” deyən Elman Nəsirov hesab edir ki, Rəcəb Tayyib Ərdoğanka Nikol Paşinyan arasındakı görüşlər əsasən bu ruhda baş tutacaq.
Gundelik-Baku.Org