Elman Nəsirov: “Əli Kərimli və yaxın ətrafı danışmasalar, yaxşıdır, danışdıqca milli xəyanət başlayır...”

Elman Nəsirov: “Əli Kərimli və yaxın ətrafı danışmasalar, yaxşıdır, danışdıqca milli xəyanət başlayır...”
“Tam səmimi söyləyəcəyəm, AXCP sədri Əli Kərimli sussa, danışmasa, daha çox özünə siyasi divident toplaya bilər. Çünki bu adam danışdıqca, mövqe bildirdikcə tamam öz-özünü ifşa edir. Hər kəlməsi, səsləndirdiyi fikir onun kimlərə xidmət etdiyini ortaya qoyur, anti-Azərbaycan dairələrin əlində nə qədər alət olduğu faktı üzə çıxır”.
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
“Təsəvvür edin, Əli Kərimli növbəti dəfə belə bir mövqe ortaya qoyub ki, Avropa İttifaqının monitorinq missiyasının Ermənistana yerləşdirilməsi Azərbaycanın növbəti diplomatik “uğursuzluğu”dur. Özünəməxsus tərzdə bunun motivlərini, səbəblərini də təhlil etməyə çalışır. Söyləyir ki, gərək Azərbaycan sərhədində də İttifaqın müşahidə missiyası olaydı. Niyə olmalı idi?  Əli Kərimlinin “kəşfi”nə baxın. Deyir ki, bu vəziyyətdə həmin o mülki missiya Ermənistan ərazisində olduqda, fərz edək, Ermənistan yeni hərbi təxribata əl atdı. Belə olan vəziyyətdə Azərbaycan reaksiya verərsə, Ermənistan sərhədində yerləşmiş mülki müşahidəçilər bunu qeydə alacaqlar. Amma Ermənistan ərazisində olduqlarından onlar Azərbaycan tərəfdən atılan atəş nöqtələrini qeydə ala bilməyəcəklər. Hətta Əli Kərimli özünü bu baxımdan da ifşa edir, deyir, “fərz edək ki, Ermənistan atəşkəsi pozur, hərbi təxribata əl atır…” Ay Əli Kərimli, fərz niyə edirsiniz? Bəlkə 30 il ərzində Ermənistanın torpaqlarımızı işğal etməsini də, Xocalı soyqırımını törətməsini də, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün yaranmasını da fərz edəsiniz? İşğaldan azad olunmuş torpaqlarımızda hansı vəhşiliyi, barbarlığı həyata keçirdiklərini də indi görürük. Daşı daş üstündə qoymayıblar. Bəlkə bunları da fərziyyə ilə söyləyək?”, - deputat bildirib.
 
E.Nəsirov xatırladıb ki, Ermənistan Qarabağdakı 67 məsciddən 65-ni tamamən, digər iki isə məscidi qismən dağıdıb: “Məscidlərimizdə donuz saxlayıblar. Bəs bu, nə məntiqdir, bu, nə düşüncədir? Bütün fəaliyyətiniz başdan-ayağa fərziyyələr üzərində qurulub. Ancaq onun-bunun, sahiblərinizin, yiyələrinizin əmrləri, sifarişləri əsasında fəaliyyət göstərirsiniz. Xalqımız bunları görür. Görür ki, kimə xidmət edirsiniz, təpədən-dırnağa qədər anti-milli olmusunuz. Bu nə fərziyyələr, danışıq stilidir? İndi də Avropa İttifaqının niyə Azərbaycan ərazisində mülki missiyasının olmamasını məğlubiyyət sayır. Ona görə ərazimizdə missiya yoxdur ki, Azərbaycan heç bir hərbi təxribata əl atmır, Azərbaycanın Ermənistanla bağlı heç bir özgə niyyəti yoxdur. Yeganə niyyətimiz sülh müqaviləsinin imzalanması, yeni səhifə açmaq, əməkdaşlığıa başlamaqdır. Belə olan halda biz niyə Ermənistana atəş açmalıyıq? Axı heç bir səbəb, motiv yoxdur. Söylədiyiniz cəfəngiyyat və fərziyyələr heç bir tənqidə dözmür. Ərazimizdə missiyanın yerləşməsinə ehtiyac yoxdur. Ermənistanda yerləşməlidir, çünki təxribat ordan gəlir. Qoy yaxın məsafədən görsünlər ki, Ermənistan hərbi rəhbərliyi hansı hərbi cinayətlərə imza atır. Qoy Ermənistanın təxribatını, zərbələrini qeydə alsınlar. Bilirsiniz, belə yanaşmanın qarşılığında deyirlər ki, daha şərhə ehtiyac yoxdur. Məgər Əli Kərimli bilmir ki, ATƏT və o nun yaratdığı Minsk Qrupu 30 il ərzində münaqişəni həll etmədi? Münaqişəni dondurmaq siyasəti həyata keçirdi. Hər zaman münaqişənin həllinə maneə oldu. İndi məlum olur ki, görün kimlərin sədrliyinə görə münaqişənin həlli bu qədər yubanıb. İndi görürük ki, Emmanuel Makron açıq mətnlə Ermənistanı müdafiə edir, “biz həmişə səninləyik, Ermənistan!” söyləyir. Azərbaycana “işğalçı” deyir, Azərbaycanı təcavüzdə ittiham edir. Belə bir dövlət və onun rəhbəri ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişəni həll etməli imiş. Elə buna görə də həllini tapmadı. İndi Əli Kərimli ümid edir ki, ATƏT yeni missiya göndərəcək, o da post-münaqişə dövrü problemlərini həll edəcək. Məgər Ə.Kərimli bilmir ki, iki dəfə ATƏT-in missiyası Qarabağa gəldi? Bizim müharibədən sonra gördüyümüz erməni vəhşiliklərini onlar bizdən daha əvvəl görmüşdülər. Bəs niyə tədbir görmədilər? Niyə susdular? Nə idi səbəbi? Bütün bunlardan sonra Əli Kərimli ATƏT-ə və ya Minsk Qrupunamı etibar etmək istəyir? Əli Kərimli və onunkimilər danışdıqca özlərini ifşa edirlər. Məsləhət görürəm, Əli Kərimli və onun yaxın ətrafı danışmasalar, yaxşıdır. Susanda, heç olmasa, hansı düşüncənin sahibi olduqlarını gizlədə bilirlər. Danışdıqca özünüifşa, milli xəyanət başlayır, satqınlıq edirlər. Azərbaycan xalqı cəmi bir il onların hakimiyyətinə dözə bildi. Sonra əbədi olaraq onları tarixin zibilxanasına tulladı. Bundan sonra hakimiyyət iddialarının reallaşmasını ancaq yuxularında görə bilərlər”.
 
Gundelik-Baku.Org