Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalana bilər - RƏY

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalana bilər - RƏY
“Çexiyanın paytaxtı Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə əslində Brüssel formatının davamı kimi qiymət vermək lazımdır. Məlum olduğu kimi, post-müharibə dövrünün problemlərini həll etmək üçün Brüssel, Moskva platformaları və hətta Vaşinqton platforması mövcuddur. Amma bunların içində ən fəalı Brüssel formatıdır. Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlarda müsbət nəticələr var. Cənab İlham Əliyev Praqada Azərbaycan televiziyalarına verdiyi müsahibələrində vurğuladı ki, Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirir, onun vasitəsilə aparılan danışıqlarda irəliyə doğru addım atılıb və bu addımlar nəticə etibarilə sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır”.
 
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, budəfəki görüş çox gərgin və intensiv bir idi: “Nəzərə alsaq ki, saat 18:00 radələrində bir dəfə dördtərəfli görüş oldu, gecə 23:00 radələrində yenidən Azərbaycan və Ermənistanın siyasi liderləri bir araya gəldilər. Aparılan danışıqların məntiqi nəticəsi olaraq dördtərəfli bəyənat imzalandı, olduqca mühüm məsələlər öz həllini tapdı. Ən başlıcası bu sənəd Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə söykənir. Beş baza prinsipinin birinci maddəsinin ən mühüm bəndi hər iki dövlətin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlıdır. Bu bənd həmin yekun sənəddə də öz əksini tapıb. Eyni zamanda qeyd olunub ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıyarkən BMT Nizamnaməsinə, 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edirlər. Bunun çox böyük əhəmiyyəti var. Nəticə etibarilə iki dövlət arasında sərhədlərin delimitasiyası üçün unikal imkanlar yaradan bir razılaşmadır. Artıq bu istiqamətdə konkret addımların atılacağı istisna deyil”.
 
E.Nəsirov vurğulayıb ki, razılaşmaya görə, noyabr ayında Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşü yenə də Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçiriləcək: “Azərbaycan Prezidentinin də söylədiyi kimi, hər şey yaxşı gedərsə, razılaşmalar üzrə inkişaf edərsə, təzimlənərsə, ilin sonuna qədər gözlənilən sülh müqaviləsini imzalamaq mümkün ola biləcək. Eyni zamanda artıq oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Növbəti görüşün də keçirilməsinə başlanılmalı, bu görüş faktiki olaraq sülh müqaviləsinin mətninin hazırlanmasını özündə ehtiva etməli, bir neçə gün ərzində həmin sənəd hazırlanmalıdır”.
 
O, bildirib ki, ən mühüm məsələlərdən biri isə Avropa İttifaqının ilk dəfə Azərbaycan-Ermənistan sərhədinə misiya göndərəcəyi barədə razılaşmadır: “Missiya fəaliyyətə başlayacaq. Əsas məqsədi isə Azərbaycan-Ermənistan arasında etimad mühitinin formalaşmasına köməklik göstərmək, sərhədlərin delimistasiyası ilə bağlı aparılan işlərin hesabatını hazırlamaqdır. Bu da çox önəmlidir. Ermənistanla bu və ya digər, eyni zamanda delimitasiya məsələlərində razılaşma əldə edilir, sonra isə Ermənistan bundan boyun qaçırırdı. Qoy bütün aparılan danışıqlar və görülən işlərin hər biri Avropa İttifaqı missiyasının hesabatına salınsın. Bu, Ermənistana əlavə məsuliyyət gətirməlidir. Bilməlidir ki, daha manevr üçün imkanları yoxdur, Avropa İttifaqı hər şeyi görür və qeydə alır. Beləliklə, Praqa görüşü müsbət nəticələrlə yadda qaldı. Belə inam hasil oldu ki, hər şey bu cür gedəcəyi təqdirdə sülh müqaviləsi ilin sonuna qədər imzalanacaq. Təki Paşinyan geri dönəndən sonra mövqeyini dəyişməsin, növbəti hərbi təxribata imza atmasın. Belə vəziyyətdə adətən Paşinyan, dərhal fransalı həmkarına zəng edir, ona şikayət edirdi. Amma indi Makron özü yekun bəyanatı təsdiqləyən şəxslərdən biridir. Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanımasını Makron təsdiqləyir. Ermənistanın “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıram” deməsi  “Qarabağ Azərbaycandır!” deməsi anlamındadır. Bu, Azərbaycanın növbəti diplomatik uğurudur”.
Gundelik-Baku.Org