“Qarabağa da beynəlxalq missiya göndəriləcək” iddiası - Bakıdan reaksiya

“Qarabağa da beynəlxalq missiya göndəriləcək” iddiası - Bakıdan reaksiya

Elman Nəsirov: “Ermənistanın davranışı üçüncü cəbhəni açır ki, bu, Rusiya ilə kollektiv Qərb arasında Ermənistan cəbhəsidir”

Fevralın 20-dən Avropa Birliyinin (AB) 200 nəfərdən ibarət 2 illik müşahidə missiyasının Ermənistana gəlişi başlayıb. Missiyanın tərkibində silahlı alman və fransız polisləri də olacaq. Ermənilər belə bir missiyanın artıq Qarabağda, Laçın yolunda da olmasının vacibliyindən dəm vurmağa başlayıblar. Lakin rusdan çəkindiklərindən və Moskvanı sakitləşdirmək üçün onun iştirakını da mümkün sayırlar.  Tanınmış alman politoloqu Aleksandr Rar güman edir ki, gələcəkdə AB-nin missiyası Ermənistanda olduğu kimi, Qarabağda da yerləşə bilər. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, erməni mediasına müsahibəsində bildirib.
Onun fikrincə, Ermənistan Azərbaycanla yeni sülh sazişi təklif edib və bu sazişdəki mühüm bir məqam məhz Dağlıq Qarabağda beynəlxalq missiya, o cümlədən polis və ya hərbi mövcudluq barədə olacaq: “Avropa Birliyi buna ümid edir. Bu, yeni və mühüm hadisədir. Yəni AB missiyası gələcəkdə təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda yerləşə bilər”.
Politoloqa görə, Qərbdə belə bir anlayış var ki, Ukraynada böyük səhvə yol verilib, çünki beynəlxalq sülhməramlı kontingent vaxtında gətirilməyib və bu, Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatların başlanmasına gətirib çıxarıb. “AB bu səhvi təkrarlamaq istəmir, ona görə də onlar Dağlıq Qarabağ da daxil olmaqla, öz qüvvələrinin yerləşdirilməsi üçün vəsait və imkanlar ayırmağa hazırdırlar. Deyəsən, artıq buzlar qırılıb və indi müxtəlif beynəlxalq aktorlar barışıq olmasa da, heç olmasa Ermənistanla Azərbaycan arasında müharibənin yenidən başlamasının qarşısını almaq istəyirlər. Ona görə də indi bu, beynəlxalq ictimaiyyətin diqqət obyektinə çevrilib”, - deyə o iddia edib.
Lakin ekspert xəbərdarlıq edib ki, Rusiya bu prosesdən kənarda qalmamalıdır: “Bu, fəlakət və Qərbin növbəti axmaq səhvi olardı. Moskva əlbəttə ki, özünü prosesdən kənarlaşdırmağa imkan verməyəcək. Ona görə də İran anlaşmasında olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllində də ortaq məxrəcə gəlmək ən düzgün yoldur”.
Göründüyü kimi, Qarabağdakı Rusiya sülhməramlı kontingenti Rusiya-Qərb kontingenti ilə əvəz edib ona uzunmüddətli beynəlxalq mandat vermək planları var. Azərbaycan buna razılıq verərmi?
Fayl:Elman Nəsirov.jpg — Vikipediya
Elman Nəsirov 
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, artıq bir dəfə Avropa Birliyinin Ermənistanda iki ay müddətində mülki missiyası fəaliyyət göstərib və həmin missiyanın müddəti başa çatıb. Eyni zamanda ikinci müşahidə missiyasını Avropa Birliyi fevralın 20-dən başlayaraq Ermənistana göndərməyə start verib: "Bu missiya 200 nəfərlikdir və iki il müddətində fəaliyyət göstərməsi nəzərdə tutulub. İkinci müşahidə missiyasının özəlliyi ondan ibarətdir ki, ona artıq birmənalı mülki müşahidə missiyası demək mümkün deyil. Çünki orada Fransa və Almaniya polisinin iştirakı da nəzərdə tutulub. Artıq gözümüzün qarşısında bir zamanlar mülki missiya adı altında fəaliyyət göstərən missiya keyfiyyətcə dəyişikliyə məruz qalır. Bu, əslində Ermənistana Qərbin hərbi kontingentinin gətirilməsinin başlanğıc nöqtəsi kimi də nəzərdən keçirilə bilər. Həmçinin burada diqqətdən yayınmayan başqa bir məqam da var ki, bu gün artıq Ermənistan mediasında hallanmağa başlayıb. Mənası da ondan ibarətdir ki, belə bir missiya təkcə Ermənistana deyil, Qarabağa da göndərilməlidir, Laçın yolunda yerləşdirilməlidir. Görüdüyünz kimi, artıq uzağagedən niyyətlərini Ermənistan gizlətmir və faktiki olaraq siyasi oyunbazlıqla məşğuldur. Ermənistan bu cür oyunbazlıqla məşğul olmaqla əslində Qərbi prosesə cəlb edir. Bu gün kollektiv Qərblə Rusiya arasında Ukrayna cəbhəsində baş verən çox gərgin prosesləri, hətta üçüncü dünya müharibəsini labüd edə biləcək prosesləri nəzərə alsaq Ermənistanın bu oyunu çox təhlükəlidir. Bu gün kollektiv Qərblə Rusiya arasında faktiki olaraq iki məntəqədə çox ciddi geosiyasi toqquşma getməkdədir. Bu, Ukrayna cəbhəsi və Suriya cəbhəsidir. Ermənistanın qeyd olunan davranışı isə üçüncü cəbhəni açır. Bu da Rusiya ilə kollektiv Qərb arasında Ermənistan cəbhəsidir. Ermənistan Qarabağı da bu cəbhənin içərisinə daxil etmək istəyir. Bu cəbhənin hansı fəlakətlərə gətirib çıxaracağını da proqnozlaşdırmaq çətin deyil. O fəlakətlər ki, bu gün Ukraynada yaşanır, Suriyada yaşanır, Ermənistanın davranışı da regionumuzu belə fəlakət zonasına sürükləməkdədir. Almaniyanın tanınmış politoloqu Aleksandr Rar da qeyd edir ki, Rusiya ilə Qərb arasında bölgədə çox ciddi toqquşmalar ola bilər. Onun fikrincə, Qarabağda Rusiya və Qərbin sülhməramlı missiyası birgə fəaliyyət göstərməlidir”.
Deputat vurğuladı ki, bu, Ermənistanın arzusu ola bilər. Lakin Ermənistanın arzusu həlledici deyil. Çünki Qarabağ Azərbaycan ərazisidir və oraya hansı sülhməramlı qüvvənin yerləşib-yerləşməməsi məsələsi Ermənistanın arzusu ilə deyil, Azərbaycanın razılığı ilə həll olunmalıdır: “Ermənistanın Azərbaycanın ərazisi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Söhbət Qarabağa Avropa Birliyinin müşahidə missiyasının gəlişindən və ya Rusiya sülhməramlı qüvvələri ilə birlikdə Qərbin sülhməramlı qüvvələrinin fəaliyyətindən gedirsə, bu məsələdə əsas həlledici söz sahibi Azərbaycandır. Azərbaycan bu məsələdə hansı mövqeyi tutacaqsa, həmin mövqe də reallaşmalıdır. Ona görə də Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini mütləq öyrənməlidirlər. Bu, bimənalıdır. Başqa cür ola bilməz. Bütün bu proseslər həm Qərbin, həm Rusiyanın sülhməramlı missiyasının vahid mandat altında əraziyə gətirilməsi, ona beynəlxalq mandatın verilməsi məsələsinin Ermənistan mediasında dövriyyəyə buraxılması uzağa gedən niyyətlərdən xəbər verir. Çalışırlar ki, Ermənistanın dolayıı yolla da olsa sülh prosesində mövqeyini gücləndirsinlər, Qarabağın statusu ilə bağlı məsələni gündəmdə saxlasınlar və onun həllinə nail olsunlar. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev Münhendə də prinsipial mövqeyini bir daha ortaya qoydu. Həlledici olan  Azərbaycanın mövqeyidir”.  
Gundelik-Baku.Org