Elman Nəsirov: “Onlara yazığım gəlir, iç üzləri açıldı”

Elman Nəsirov: “Onlara yazığım gəlir, iç üzləri açıldı”
Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi çox yüksək səviyyədə qeyd olundu. Prezident İlham Əliyev YAP-ın sədri olaraq konfransda proqram xarakterli çıxış edərək bir sıra vacib məqamlara toxundu. Bu tədbir həm də ona görə yüksək səviyyədə keçirildi ki, ölkəmizin müxalif partiyalarının sədrləri də tədbirə dəvət almışdılar.
Bu sözləri açıqlamasında millət vəkili Elman Nəsirov müxalif partiya sədrlərinin YAP-ın tədbirində iştirak etməsi haqda danışarkən deyib.
O bildirib ki, digər sivil ölkələrdə də belədir və hər kəs bunu normal qəbul edir:
“Müxalifət iqtidara qarşı müxalifətdədir. Onlar iqtidarın yürütdüyü bu və digər istiqamətləri bəyənməyə, alternativ variantlar təklif və tənqid edə bilərlər. Bunlar normal haldır, amma ümummilli məsələlərdə hər zaman ortaq mövqedən çıxış etməlidirlər. Eyni zamanda xüsusi günlərdə bir-birilərinin yanında olmalıdırlar”.
E.Nəsirov YAP-ın tədbirində iştirak edən müxalif partiya sədrlərini sosial şəbəkələrdə tənqid və təhqir edənləri qınayıb:
“Hesab edirəm ki, sosial şəbəkələrin qaragüruh hissəsi bununla öz xislətini, dağıdıcı mahiyyətini, qara niyyətini, xəbisliyini ortaya qoyur. Onlar artıq iç üzlərini gizlədə bilmirlər. Mənim onlara yazığım gəlir”.
Xatırladaq ki, bəzi müxalif partiya sədrləri 21 noyabr 2022-ci ildə YAP-ın 30 illik yubileyində iştirak ediblər.
Gundelik-Baku.Org