Elman Nəsirov: “Artıq hər bir Azərbaycan vətəndaşının yeni qanun layihəsi ilə tanış olmaq imkanı yarandı”

Elman Nəsirov: “Artıq hər bir Azərbaycan vətəndaşının yeni qanun layihəsi ilə tanış olmaq imkanı yarandı”
“Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi cəmiyyətimizdə ictimai-siyasi rezonansa səbəb olub”.
Bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov açıqlamasında söyləyib:
“Bu da anlaşılandır. Çünki ölkə prezidenti cənab İlham Əliyev 2018-ci il 11 Apreldə növbəti dəfə prezident seçildikdən sonra bəyan etdi ki, ölkəmizdə hərtərəfli, genişmiqyaslı islahatlar həyata keçiriləcək. Həqiqətən də, belə oldu.
Bu islahatların tərkib hissələrindən biri də siyasi islahatlardır. “Siyasi partiyalar haqqında” qanun yeni qanun qəbul olunmasını labüd edir. Elə bu məntiqlə də parlamentdə təmsil olunan siyasi partiyalar, partiyanın liderləri parlamentin sədri hörmətli Sahibə Qafarovaya müraciət etdilər. Həmin vaxtdan etibarən də “Siyasi partiyalar haqqında” qanun hazırlanması prosesinə başlandı, qanun layihəsi parlamentin saytına yerləşdirildi. Yəni artıq hər bir Azərbaycan vətəndaşının yeni qanun layihəsi ilə tanış olmaq imkanı yarandı. Bu qanun layihəsinin ictimai müzakirəsi artıq bir dəfə keçirilib. Növbəti müzakirələr keçirilir və bu da onu göstərir ki, “Siyasi partiyalar haqqında” qanun çox şəffaf şəkildə, demokratik yolla, plüralizm mədəniyyətinə sadiq qalaraq açıq müzakirəsi keçirilir. Bu müzakirə gedişatında, heç şübhəsiz ki, həm parlamentdə təmsil olunan partiyalar, həm də parlamentdən kənar partiyaların liderləri, təmsilçiləri açıq şəkildə öz mövqelərini ifadə edirlər.

Birinci müzakirə təxminən 5 saata yaxın davam etmişdi. Çoxsaylı mövqelər və müəyyən təkliflər səslənmişdi. Müxalif partiyalar bəzi bəndlər üzrə yanaşmalarda dəyişikliklərin edilməsi məsələsini ortaya qoymuşdu. Amma hər biri bir həqiqəti təsdiq etdilər ki, “Siyasi partiyalar haqqında” qanun qəbul edilməsi ölkə prezidentinin müəyyən etdiyi çox partiya sisteminin inkişafı, ölkə prezidentinin müəyyən etdiyi siyasi dialoq mədəniyyətinin daha da yüksəldilməsi və nəticə etibarilə ölkəmizin demokratik inkişafı yolunda növbəti addımın atılması baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə də ümummilli məsələlərdə partiyalar ortaq mövqelərdən çıxış etməlidir və bunu İkinci Qarabağ müharibəsində də nümayiş etdirdilər. Tarixi qələbəmizin əldə edilməsində iqtidarlı, müxalifətli partiyalarımızın vahid mövqedən çıxış etməsi çox mühüm rol oynadı. Bundan sonra da bu siyasətə sadiq qalınması və mükəmməl “Siyasi partiyalar haqqında” qanun qəbul edilməsi dövlət siyasəti oldu və gördüyünüz kimi ikinci müzakirədir. Yeni yanaşmalar, yeni təkliflər səslənəcək, daha sonra komitələrdə müzakirə ediləcək və nəhayət ki parlamentin plenar iclasına çıxarılacaq. Üç oxunuşda müzakirələrdən keçdikdən sonra bu qanunun qəbul edilməsi gözlənilir. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi ilə ölkəmizin demokratik inkişafı yolunda növbəti çox mühüm bir addım atılmış olacaq”.
Gundelik-Baku.Org