Elman Nəsirov: "Ərdoğan Qarabağa gəlməklə Makrona mesaj verir ki, ağıllı ol"

Elman Nəsirov: "Ərdoğan Qarabağa gəlməklə Makrona mesaj verir ki, ağıllı ol"
"Bu gün dünyada dövlətlər arasında etimadsızlıq hökm sürür, beynəlxalq hüquq işləmir. Belə olan təqdirdə dünyamızda dövlətlərarası münasibətlərin tənzimlənməsinə, qanunların işləməsinə çox böyük ehtiyac var. Bu reallıqda suala cavab axtarsaq, uzağa getmək lazım deyil. Azərbaycan- Türkiyə münasibətləri buna bir örnəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında olan münasibət dostluğa nümunədir. Dünya bundan nəsə öyrənsə, düşdüyü situasiyalardan nicat yolu tapa bilər". 
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Türkiyə ilə Azərbaycan münasibətlərindən danışarkən deyib. O bildirib ki, Türkiyə- Azərbaycan qardaşlığı dəfələlərlə sınaqdan çıxıb: 
"Biz strateji müttəfiqlərik. "Şuşa Bəyannaməsi" ilə münasibətlərimiz ən yüksək səviyyəyə gəlib çatıb. Xalqlarımız dost, dövlətlərimiz dost, liderlər dostdurlar. Eyni zamanda, Vətən müharibəsində Türkiyənin yanımızda olmasını ilk anlardan gördük. Türkiyə Azərbaycana çox böyük siyasi və mənəvi dəstək verdi. Bu dəstək hər zaman var, bu gün də var, sabah da olacaq. Bu gün də məhz bunu görürük. Dünya səviyyəli siyasətçi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ikinci dəfə Qarabağa səfəri başlayıb. O, Zəngilan Hava Limanının açılışında iştirak etdi. Bundan öncə Fizuli Beylənxalq Hava Limanının açılışında da iştirak etmişdi. Bu tarixi anların iştirakçılarıyıq, həm də xoşbəxtik. Qardaş ölkənin lideri bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın yanındadır, ölkəmizi dəstəkləyir". 
Deputat bildirib ki, Ərdoğanın Qarabağa gəlməsi dünyaya mesajdır: "Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə Azərbaycana qarşı bəyanatlar verir. Ermənistanın yanında olduğunu deyir. Belə olan halda Ərdoğan da Makrona mesaj verir ki, biz də Azərbaycanın yanındayıq, ağıllı ol və düzgün siyasət həyata keçir. Bu, bizim üçün çox önəmlidir". 
Elman Nəsirov deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərq ölkələrinin total aclıqdan xilas etməsində göstərdiyi nümunə bu gün bütün dünyaya örnəkdir. Ona qədər heç bir dünya lideri qabağa düşüb milyonlarla insanı aclıq təhlükəsindən xilas etməklə bağlı addım atmamışdı: 
"Ərdoğan "İstanbul sazişi"nin imzalanmasına nail olmaqla bunu həyata keçirdi. Türkiyə 4 milyondan çox insana qucaq açdı. Suriyadan 3 milyon 800 mindən çox gələn insana ölkəsində sığınacaq verdi. 30 milyard dollardan çox vəsait xərclədi. Dünyada sülhə, təhlükəsizliyə bundan böyük töhvə ola bilərmi?! Eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin formalaşdırılmasında cənab Ərdoğanın xidmətləri misilsizdir". 
Deputat sosial şəbəkələrdə müzakirələrə yol açan fikirlərindən, Ərdoğanı "Nobel" mükafatına layıq görməsindən də danışıb: 
"Bu, mənim istəyimdir, arzumdur. Mən bu arzunu təsadüfən demirəm. 45 min seçicim var. O, seçicilərlə görüşlərimdə dəfələrlə onlar Azərbaycan-Türkiyə qardaşlığından danışıblar. Rayonda, kənddə yaşayan ziyalılarımız bu gün fəxr edirlər ki, Türkiyə kimi qardaş dövlət, ölkəsini dünyanın mühüm güc mərkəzlərindən birinə çevirən lider var. Fəxr edirlər ki, bu gün Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti cənab İlham Əliyev dost, qardaş liderlərdir. Deyirlər ki, belə olan vəziyyətdə niyə Barak Obamaya prezident seçildikdən sonra heç nə etmədiyi halda "avans" olaraq "Nobel" mükafatı verdilər, amma cənab Ərdoğan beynəlxalq sülhə, təhlükəsizliyə bu qədər töhfə verir, niyə o adı almasın? Bu seçicilərimin xahişdir, mən də bunları dilə gətirirəm". 
Gundelik-Baku.Org