Qırğızıstan Azərbaycanın strateji müttəfiqidir - Deputat

Qırğızıstan Azərbaycanın strateji müttəfiqidir - Deputat
"Azərbaycan Prezidentinin Qırğızıstan səfəri çərçivəsində əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər nəticə etibarı ilə Bakı ilə Bişkek arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə çıxması yolunda unikal imkanlar yaradır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana olan səfərini dəyərləndirərkən deyib: 

"Azərbaycan Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq müstəvisindədir. Qırğızıstan Prezidentinin bu ilin aprelində Azərbaycana səfəri çərçivəsində 10 yaxın sənəd imzalanmışdı. Eyni zamanda, həmin səfər fonunda strateji tərəfdaşlıq haqqında bəyanamə də imzalandı. Bunların hər biri siyasi dialoq, iqtisadi-ticarət, humanitar sahə və loqistika sahəsində əlaqələrimizin inkişafında müsbət rol oynayıb. Bu kontekstdə Azərbaycan Prezidentinin Qırğızıstana rəsmi səfəri reallaşdı.

 

 
Burada yüksək səviyyəli görüşlər keçirildi, mühüm açılışlar oldu. Heydər Əliyev adına məktəb kompleksi işə salındı. Bütün bunlar onu göstərir ki, Bakı ilə Bişkek arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf tempinə malikdir. Türk dövlətləri təşkilatı çərçivəsində də əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunu almasında Bişkekin Bakıya verdiyi töhfəni də qeyd etməliyik. Qırğızıstan KTMT-nin üzvü olsa da, Ermənistan təcavüzünə qarşı hər zaman Azərbaycanın mövqeyini müdafiə edib”. 
Gundelik-Baku.Org