Elman Nəsirov: "Alternativ ancaq müharibədir" - Sülhün qəbuledilməz ŞƏRTLƏRİ...

Elman Nəsirov: "Alternativ ancaq müharibədir" - Sülhün qəbuledilməz ŞƏRTLƏRİ...
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu da bildirib ki, İrəvanla Bakı arasında sülhün əsas baza müddəaları hazırdı. Bəzi məqamların razılaşdırılması qalıb. Yəni sülhə yaxınlaşırıq? Bəs razılaşdırılmalı məqamlar hansılar ola bilər? Laçın və Zəngəzur dəhlizi?
“Bu bir həqiqətdir ki, postmüharibə dövrünün həllini gözləyən çoxsaylı məsələlər ətrafında Azərbaycanın prinsipial, qətiyyətli, obyektiv, ədalətli, beynəlxalq hüquqa söykənən bir mövqeyi var”, – deyə açıqlamasına başlayan millət vəkili Elman Nəsirov bu mövqenin nədən ibarət olduğunu da diqqətə çatdırıb:

“Regionda sülhün alternativi yoxdur”.
KONKRET.az suallarına eksklüziv cavabında deputat bildirib ki, regionda əməkdaşlığın da alternativi yoxdur. Bölgənin gələcəyi də məhz bu əməkdaşlıqdan keçir:

Millət vəkilinin sözlərinə görə, bu baza prinsiplərin qəbul edilməsi, onların icrası ilə bağlı əməli addımların atılması regiona davamlı və uzunmüddətli sülh gətirmiş olar:
“Ermənistan rəhbərliyi bu 5 baza prinsipi qəbul edib. Hətta bu baza prinsiplərinə genişləndirilmiş yanaşmanı təklif edir. Bu isə qəbuledilməzdir. Bəzi razılaşdırılmamış məsələlər var və bu mövzularda İrəvan manipulyasiya ilə məşğuldur. Baza prinsiplərini qəbul edən Ermənistan onların icrası ilə bağlı heç bir addım atmır. Bundan başqa, 5+1 formatını irəli sürür. 1 isə o deməkdir ki, Qarabağda yaşayan ermənilərin hüququ, təhlükəsizliyi və bu kontekstdə status məsələsini qabardırlar. Status məsələsinin həlli üçün isə ATƏT-in Minsk Qrupunun danışıqlara qayıdışını irəli sürürlər. Yəni bunlar qəbuledilməz şərtlərdir.
Belə şərtlər irəli sürməklə, əslində qəbul etdikləri 5 baza prinsipin icrasına mane olurlar. Reallıq bundan ibarətdir”.
Elman Nəsirov sonda qeyd edib ki, ancaq tarixin öz inkişaf yolu var. Ermənistan bu inkişafın önünə nə qədər şlaqbaum çəkməyə çalışsa da, mane ola bilməyəcək. Zamana ehtiyac var. Yəni, əvvəl-axır İrəvan Bakının irəli sürdüyü 5 baza prinsipi qəbul edərək icrasına başlayacaq.
Gundelik-Baku.Org