Evin tək uşaqları cəbhəyə göndərilməməlidir? - Deputatdan cavab

Evin tək uşaqları cəbhəyə göndərilməməlidir? - Deputatdan cavab

Milli Məclisdə evin tək uşaqlarının müharibəyə göndərilməsi təklif edilib...

Elman Nəsirov: “Tək uşaqların hərbi xidmətdə olması və yaxud da müharibəyə zamanı ön cəbhədə olması nəticə etibarilə onların gələcəkdə nəslinin qorunub-saxlanılması məsələsini sual altına alır”.
“Bu məsələ həssas məsələdir və məsələyə bir az diqqətlə yanaşmaq lazımdır”.
Bu sözləri PİA.az-a deputat Elman Nəsirov evin tək uşaqlarının müharibəyə göndərilməsi ilə bağlı Milli Məclisdə səsləndirilən təklifə münasibət bildirərkən deyib.
Qeyd edək ki, deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında evin tək uşaqlarının cəbhəyə göndərilməməsi təklifi ilə çıxış edib.
“Onsuz da Azərbaycanda ailələlərdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də təkuşaqlı ailələrdəki oğlanları döyüşlərə, cəbhəyə aparmaq lazım deyil. Vətən müharibəsində bəziləri aparıldı, amma bu, düzgün deyildi”, - deyə Sabir Rüstəmxanlı əlavə edib.
Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Elman Nəsirov: “Evin tək uşağının ümumiyyətlə, hərbi xidmətdən azad edilməsi fikri ilə razılaşmıram. Bu hərbi xidmətdən yayınmalar üçün vasitəyə çevrilə bilər”.
Hər bir kişi cinsindən olan azərbaycanlının hərbi xidmətə getməli olduğunu vurğulayan millət vəkili PİA.az-a açıqlamasında qeyd edib ki, hər bir vətəndaş vətən qarşısında borcunu yerinə yetirməlidir:
“Mən evin tək uşaqlarının cəbhəyə göndərilməsi barədə bir neçə dəfə mövqe bildirmişəm. Hesab edirəm ki, tək uşaqların hərbi xidmətdə olması və yaxud da müharibəyə zamanı ön cəbhədə olması nəticə etibarilə onların gələcəkdə nəslinin qorunub-saxlanılması məsələsini sual altına alır. Evin yeganə övladı döyüşd,ə ön cəbhədə olanda şəhid olacağı təqdirdə, onun nəslinin davamı kəsilmiş olur. Buna görə də bu məsələ həssas məsələdir. Bu məsələyə bir az diqqətlə yanaşmaq lazımdır.
Amma evin ək uşağının ümumiyyətlə, hərbi xidmətdən azad edilməsi fikri ilə razılaşmıram. Bu hərbi xidmətdən yayınmalar üçün vasitəyə çevrilə bilər. Hər bir vətəndaş, hər bir kişi cinsindən olan azərbaycanlı hərbi xidmətə getməli və vətən qarşısında borcunu yerinə yetirməlidir.
Amma tək uşaqların ön cəbhədə olması barədə mən öz fikirlərimi Milli Məclisdə və müsahibələrimdə bir neçə dəfə ifadə etmişəm. Onlar arxa cəbhədə də qulluq edə bilərlər”. 
Gundelik-Baku.Org