Deputat:“Müxalif partiyaların inkişafı da dövlətin marağındadır”

Deputat:“Müxalif partiyaların inkişafı da dövlətin marağındadır”
Xəbər verdiyimiz kimi, 24 oktyabrda Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. 
Dinləmələrdə parlament üzvləri ilə yanaşı, Milli Məclisdə təmsil olunan və təmsil olunmayan siyasi partiyaların nümayəndələri də iştirak ediblər. Görüş zamanı partiya sədrləri tərəfindən qanun layihəsinə münasibət bildirilib, müxtəlif təkliflər verilib. Yeni qanun layihəsinin ictimai müzakirəsinin başlaması və davamlı aparılması siyasi dialoqun davam etdirilməsi baxımından vacib hesab edilir.  
Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” Qanun 1992-ci ilin iyun ayında qəbul edilib: 
“Həmin tarixin isə üstündən 30 il keçib. 4 fəsil və 22 maddədən ibarət olan bu qanun layihəsinə artıq dəyişikliklərin və ya əlavələrin edilməsi yox, tamamilə yeni qanun layihəsi hazırlamaq məsələsi dövlət siyasəti və ictimai sifarişə çevrilib. Çünki 30 il ərzində bu qanuna 60-dan çox düzəliş olunub. Lakin indi biz postmüharibə dövrünü yaşayırıq və 44 günlük Vətən müharibəsində qalib gəlmiş dövlətik. Artıq biz yeni reallıqlar yaratmışıq və bu, həm də “Siyasi partiyalar haqqında” Qanuna yeni baxış tələb edir. Dediyim kimi, bu ictimai bir sifarişə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyev 2018-ci ildə növbəti dəfə xalqın etimadını qazanaraq dövlət başçısı seçildikdən sonra bəyan etdi ki, ölkəmizdə islahatlar kursu yeni mərhələyə keçir və o hərtərəflidir. Həqiqətən də həmin vaxtdan etibarən bütün sahələri ehtiva edən islahatlar sürətli şəkildə həyata keçirilməyə başladı. Siyasi islahatların mühüm elementlərindən biri də “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu məsələsidir. 
Xüsusilə Vətən müharibəsində siyasi partiyalar birlik nümayiş etdirdilər. Bu isə yeni qanun ideyasını daha da aktuallaşdırdı. Parlamentin sədri  Sahibə xanım Qafarovanın təşəbbüsü ilə Milli Məclisin saytında da yeni qanun layihəsi dərc olundu və bütün Azərbaycan ictimaiyyətinin bu qanun layihəsi ilə tanış olmaq imkanı yarandı. Bu, artıq plüralizm və demokratiyanın bir göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, yeni qanun layihəsi ilə bağlı təxminən 47 siyasi partiyadan 250-dən çox təkliflər daxil olub. Bu məntiqdən çıxış edərək, parlament sədrinin təşəbbüsü ilə Milli Məclisdə oktyabr ayının 24-də həm parlamentdəki siyasi partiyalar, həm də parlamentdən kənar rəhbərlərinin iştirakı ilə geniş ictimai müzakirələr keçirildi. Bu müzakirələr təxminən 5 saata yaxın davam etdi. Bu müddətin özü də göstərir ki, partiya liderlərinin öz mövqeyini ifadə etməsi üçün kifayət qədər zaman ayrıldı”. 
Millət vəkili vurğulayıb ki, yekdil fikir  “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsinin bir zərurət, ictimai sifariş və zamanın tələbi olması yönündədir: 
“Bu, ölkəmizin bundan sonrakı siyasi inkişafı üçün çox mühüm bir hadisə olacaq. Həmçinin, bunun mütərəqqi qanun olduğunu mütləq əksəriyyət təsdiqlədi. Müxalif partiyaların nümayəndələri isə ayrı-ayrı maddələrlə bağlı fərqli mövqe ortaya qoydular. Xüsusilə partiyanın qeydiyyatı ilə bağlı tələblərin dəyişdirilməsi məsələsini ortaya qoydular və partiyanın ləğv edilməsini şərtləndirən amilərə yenidən baxılması məsələsini gündəmə gətirdilər. Amma hər halda parlamentin vitse-spikeri Fəzail  Ağamalı bu ictimai müzakirədə moderator mövqe ortaya qoydu. O vurğuladı ki, müxalif partiyalar təkcə tənqidi qeydlər irəli sürməsinlər, eyni zamanda konstruktiv mövqe ortaya qoysunlar və təkliflər versinlər. Onlar yeni yanaşmalarını ortaya qoysunlar və qanunun daha da təkmilləşməsinin mənafeyinə xidmət edən təkliflərini və tövsiyələrini irəli sürsünlər. Çünki yalnız tənqidlə iş bitmir, əsaslandırılmış tənqid olmalıdır”. 
Ekspertin fikrincə, bu ictimai müzakirələr bir daha Azərbaycan dövlətinin ölkənin siyasi sisteminin daha da inkişaf etməsində çox maraqlı olduğunu göstərir:
“Azərbaycanda müxalif partiyaların və ümumiyyətlə, partiya sisteminin inkişafı dövlətin maraqları çərçivəsində olan məsələlərdir. Müxalif fikir həmişə olmalıdır, amma müxalif fikir həm də çıxış yolları göstərməlidir. Ümumilli məsələlərdə müxalif fikir ola bilməz, dövlət, millət və vətənlə bağlı məsələlərdə müxalif fikir yox, yekdil mövqedən çıxış etmək lazımdır. Necə ki, biz bunu İkinci Qarabağ müharibəsində də gördük və bu ənənəni qoruyub saxlamaq lazımdır”. 
Elman Nəsirov qeyd edib ki, gələcəkdə növbəti ictimai müzakirələr də gözlənilir: 
“Sonra isə komitələrdə müzakirələr olunacaq və plenar iclasa çıxarılacaq. Plenar iclasda isə 3 dəfə dinləmələrin keçirilməsi, məsələyə baxılması və 3 oxunuşdan keçməsi nəzərdə tutulub. Nəticə etibarilə, Azərbaycanda 20 dövlətin təcrübəsini nəzərə alan Venesiya Konvensiyasının 2010 və 2020-ci illərdəki tövsiyələrini nəzərə alan bir qanun layihəsinin hazırlanacağı və təsdiq ediləcəyi gözlənilir”. 
Gundelik-Baku.Org