“Xalq şairi öldü, dəfninə 10 adam getmədi, amma avtoritet öləndə...”

“Xalq şairi öldü, dəfninə 10 adam getmədi, amma avtoritet öləndə...”
“TikTok”, “Instagram” və s. sosial şəbəkələrdə yeniyetmələrin kriminal avtoritetlərə pərəstişinə tez-tez rast gəlinir. İş o yerə çatıb ki, pərəstiş təqlidə, onların həyat tərzini yamsılmaya çevrilir.
Yenisabah.az-a danışan hüquqşünas Şəmsəddin Əliyev deyir ki, yeniyetmələrdə bu meyl daha çox kriminal yazılar, kitablar, filmlər və s.-dən irəli gəlir:
“Bu, yeniyetmə və gənclərin təfəkkürünə təsir edir. Bundan əlavə, onların ailəsi və təhsili təhlil olunduqda mənzərə bir qədər də aydın olur. Çətin ailədə böyüyən uşaq başqa cür düşünə bilməz. Onun yeganə yolu bu dar cığırla getməkdir. Onların beynində cəmiyyətə zidd münasibət formalaşır. Cinayətkarlarla mübarizə aparan qurumlara qarşı cəbhə açmaq istəyirlər. Düşünürlər ki, gələcəkdə “qanuni oğrular” kimi kriminal aləmdə nüfuza malik insanların sırasında barmaqla göstəriləcək, məşhurlaşacaqlar”.
Ş. Əliyevin sözlərinə görə, kriminal məzmunlu sosial şəbəkə paylaşımları yeniyetmələr üçün zərərlidir:
“Bir “qanuni oğru” dünyasını dəyişəndə, paytaxtdan kənarda dəfn olunanda, paytaxtdakılar ora axın edirlər. Kriminal aləmə bu qədər meyl hardandır? Əgər kimsə sadəcə o şəxsin ziyarətinə getmək istəyirlərsə, getsin. Amma bunu sosial şəbəkələrdə yaymasın.
Fikir verin, Xalq şairi dünyasını dəyişdi, 10 adam dəfnə getmədi, amma avtoritet dünyasını dəyişdi, millətin hamısı getdi. Qəbrinin üstündə cah-calallı əkililər, başdaşı qoydular.
Cinayətkarlıqla mübarizə aparmaq istəyiriksə, həm onu doğuran səbəbləri, həm onu törədənləri həmişə qınamalı, əməllərinə nifrət etməliyik. İslam qanunlarında da bu var. Həmin qanunlara görə, kiminsə şəxsi malını oğurlayan adamın əlləri kəsilməlidir. Birinci sağ əli kəsilməlidir, ikinci dəfə oğurluq edərsə, sol əli. Bununla Səudiyyə Ərəbistanında açıq şəkildə icra olunur. Cinayətkarlığa qarşı bu cürbarışmaz mövqedə dayanmalıyıq, yoxsa bizə qənim kəsiləcəklər”.
Gundelik-Baku.Org