Sosial bəlanı sosial rifaha necə çevirmək olar?

Sosial bəlanı sosial rifaha necə çevirmək olar?
Sosial şəbəkə platformalarında ayrı-ayrı şəxslər və ya gündəmdə olan xəbərlərlə bağlı əsası olan və olmayan məlumatların yayılması ciddi narahatlıq doğurur. Hardan qaynaqlandığı bilinməyən bu yalan-doğru xəbərlərin yayılmasında isə bəzi saytlar və bloger kimi tanınan şəxslər xüsusi canfəşanlıq edir. Bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən istər hərbi sirləri, istərsə də dövlət siyasətinə xələl gətirəcək məlumatlar yaymaqla, necə deyərlər, düşmənin dəyirmanına su tökür. İdeoloji müharibədə qazandığımız uğurların miqyasını kiçildir, haqq işimizin dünya miqyasında, cəmiyyətimizdə layiqli qiymətini almasının qarşısına sədd çəkirlər. Təbii ki, sosial şəbəkələrlə iş ciddi, düşündürücü və yüksək səviyyədə həyata keçirilməli olan vəzifədir. Bu problemin həlli nədən keçir? Sosial şəbəkələri nələr etməklə tənzimləmək, sosial bəladan sosial rifaha çevirmək mümkündür? Qanunvericiliyə olunan əlavələr, yoxsa maarifləndirmə yolu ilə?
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov həll yolunu sosial şəbəkələrlə bağlı yeni qanunun hazırlanmasında gördü: “Çünki bu platformalarda cəngəllik qanunları hökm sürür, istənilən biri  insanın şərəf və ləyaqətini alçaltmaqdan tutmuş şər və böhtan xarakterli məlumatları rahatlıqla yazıb paylaşır və nəticədə də cəzasız qalır. Düşünürəm ki, İnsan hüquqları komitəsinin üzvü kimi, sosial şəbəkə platformalarında mən öz hüquqlarımı qoruya bilmirəmsə, başqalarını necə qoruyacam?! Bu, son dərəcə ciddi məsələdir”.
E.Nəsirov bildirdi ki, bundan başqa digər bir problem bu platformalarda dövlətçiliyimiz əleyhinə təbliğat aparılmasıdır. Təəssüf ki, həm Vətən müharibəsi, həm də ermənilərin sonuncu irimiqyaslı hərbi təxribatı dövrlərində yenə də dezinformasiyalara, dövlətimiz haqqında analoji yanaşmalara, hərbçilərimizin əməliyyatlarına kölgə salan paylaşımlara rast gəldik. Beynəlxalq ictimai fikirdə də anti-Azərbaycan mövqeyi formalaşdıran, özlərinə siyasi bloger adı verən, xaricdə oturub dövlətimiz əleyhinə iftira, böhtan yayanların hansı məntiqə qulluq etdikləri bəllidir. Belələri düşmənin çörəyinə yağ çəkənlərdir. Çünki müşahidələrimiz göstərir ki, Azərbaycan dövləti əleyhinə aparılan danışıqların mətnində bu cahil, biliksiz, özlərini siyasi bloger adlandıranların cümlələri yer alır. Bütün bu səbəblərdən Türkiyə təcrübəsinə əsaslanaraq xüsusi qanun hazırlanmalıdır. Orada sosial şəbəkə platformalarının nümayəndəliyi yaradılıb. Hər hansı belə məsələlər yarananda məsuliyyəti həmin nümayəndəlik daşıyır.
Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun rəhbəri Mübariz Göyüşlü mövzumuzla bağlı bildirdi ki, sosial şəbəkə platformalarının tənzimlənməsi ilə əlaqədar mütəmadi olaraq müxtəlif şəxslərdən, istər millət vəkillərindən, siyasətçilərdən, istərsə də ictimai xadimlərdən çoxsaylı təkliflər eşidirik. Bəzən radikal istəklərə də rast gəlinir ki, sosial platformaların ölkəmizdə fəaliyyəti məhdudlaşdırılsın. Bu, təbii ki, sosial şəbəkə platformalarında bir sıra tərbiyə və əxlaq problemi yaşayan şəxslərin kimi necə gəldi təhqir etməsi narahatlığı ilə bağlıdır. Bu, hardasa başadüşüləndir. Amma hesab etmirəm ki, bu platformları ölkəmizdə məhdudlaşdırmaq və ya bağlamaq mümkün olsun. Hətta mümkün olarsa belə, bunun faydalı olacağına inanmıram. Çünki sosial şəbəkələr artıq günümüzün reallığına çevrilib. Belə bir situasiyada bizim sosial şəbəkələrə qadağalar, məhdudiyyətlər qoymağa çalışmağımız istənilən nəticəni verməz.
“Necə mübarizə aparmalıyıq?” sualına gəlincə isə, Mübariz müəllim “sosial şəbəkə platformalarında daha güclü, çoxtirajlı, aktiv səhifələr yaratmaqla”, - dedi: “Sosial şəbəkə platformalarının cəmiyyətə zərərli təsirini minimala endirmək olar. Xalqın marağına, diqqətinə səbəb olan, sevərək izlədiyi, onların problemlərinə aydınlıq gətirə bilən, yeri gələndə tənqidetmə imkanı olan çoxtirajlı səhifələr, qruplar yaratmaq lazımdır. Tirajlı səhifə yaratmaq üçün isə peşəkar şəxsləri sosial media idarəçiləri, adminləri prosesə cəlb etmək olar. Məsələn, “Belə- belə işlər” səhifəsi buna nümunə ola bilər. Səhifə kifayət qədər baxış, izlənmə sayı toplayır və eyni zamanda olduqca maarifləndiricidir. Xalqın inamını qazanan belə orijinal, keyfiyyətli  səhifələrin çoxalması daha uğurlu çıxış yolu ola bilər deyə düşünürəm. Məhdudlaşdırılma ilə bağlı verilən təkliflər var ki, platformaların ölkədə təmsilçisi açılsın və insanları təhqir edənlər, fake xəbər yayanlara bilavasitə həmin nümayəndəlik nəzarət etsin. Nəzəri baxımdan bunu etmək mümkündür. Amma praktiki baxımdan bu necə gerçəkləşdiriləcək, onu birmənalı şəkildə deyə bilmirəm və şübhəli yanaşıram. Qardaş Türkiyədə bu, tətbiq olunur deyirsiz, amma nə qədər effektli olur?! Orada da sosial şəbəkələrdə hakim siyasi dairələrin nümayəndələrinə, tanınmış şəxslərə şər-böhtan atıldığını, hətta təhqir olunduqlarını görürük. Belə faktlar çoxdur. Bu nümayəndəliyi prosesin qarşısını alınma ehtimalı olduğu üçün yaratdılar, amma müşahidələr göstərir ki, istənilən nəticə əldə edilmədi. Bu baxımdan mən bu təklifin o qədər də uğurlu seçim olacağına inanmıram.
İqtisadçı-ekspert Natiq Cəfərli isə məsələnin iki həlli yolu olduğunu vurğuladı. Birincisi, sosial qınaq məsələsidir. Kütləvi qınamaq vasitəsilə təhqir edən, hansısa insanın şəxsiyyətini, ləyaqətini alçaldacaq addımlar həyata keçirənlərə çox ciddi iradlar bildirməklə bu prosesi minumuma endirə bilərik. İkincisi, kütləvi məsuliyyətdənsə, şəxsi məsuliyyət daha məntiqlidir deyə düşünmürəm. Yəni ölkədə elə qanunvericilik dəyişikliklərinə ehtiyac var ki, insanların şərəf və ləyaqətini, şəxsiyyətini alçaldan məlumatlar paylaşanlara qarşı hansısa formada iddialar qaldırılaraq böyük məbləğdə cərimələrlə cəzalandırılsınlar. Buna görə insanları həbs etməyin əleyhinəyəm. Amma yüksək məbləğdə ödənilən cərimələr çəkindirici faktor sayıla bilər.
Gundelik-Baku.Org