Dezinformasiyadan xilas yolu - Türkiyə modeli bizə NƏ VƏD EDİR...

Dezinformasiyadan xilas yolu - Türkiyə modeli bizə NƏ VƏD EDİR...
Türkiyə Böyük Millət Məclisi (TBMM) dezinformasiyaların qarşısının alınması ilə bağlı qanun layihəsi qəbul edib. Yeni qanuna əsasən, dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzası nəzərdə tutulub. 
 
Bəs, qardaş ölkədə həyata keçirilən layihənin Azərbaycanda tətbiqi mümkündürmü?
 
Bununla bağlı Milli Məclisin deputatı Elman Nəsirov Türkiyə təcrübəsindən yararlanmağın tərəfdarı olduğunu deyib. Deputat hesab edir ki, Azərbaycanda da sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanuna ehtiyac var:
 
“Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsi ilə bağlı Milli Məclisin plenar iclaslarında və komitə iclaslarında dəfələlərlə məsələ qaldırmışam. Biz hüquqi dövlətik. Hesab edirəm ki, bu sferada müasir qanuna hava və su kimi ehtiyac var. Sosial şəbəkələrdə anarxiya, cəngəllik qanunları hökm sürür. Sosial şəbəkələrdə kiminsə şərəf və ləyaqətini alçalda, işgüzar nüfuzunu ləkələyə, nəticədə cəzasız qala bilərsən. Bu gün vəzifəli şəxslərin, deputatların, ictimaiyyət nümayəndələrinin, ziyalıların təhqir edildiyi məkan haradır deyə soruşsaq, birmənalı olaraq sosial şəbəkələr cavabını alacağıq. Çünki digər məkanlarda bunu etmək qeyri-mümkündür. Ona görə də, qardaş Türkiyənin praktikasına müraciət etməyin tərəfdarıyam. Bu qanunda insanların şərəf və ləyaqətini alçatmağa, işgüzar nüfuzuna xələl gətirməyə görə üç ilə qədər həbs cəzası nəzərdə tutulur”.
 

 
Deputatın sözlərinə görə,Türkiyədə olduğu kimi Azərbaycanda da bu məsələyə ciddi yanaşamaq lazımdır:
 
“Türkiyədə sosial şəbəkələrin məşhur simalarının - “Facebook”, “YouTube” və “Tvitter”in nümayəndəlikləri var. Həmin daimi nümayəndəliklər sosial şəbəkələrin qanun çərçivəsində fəaliyyət göstərməsinə nəzarət edir. Qanuna əsasən, hansısa sosial şəbəkə istifadəçiləri insanların şərəf və ləyaqətini alçaltsa və buna görə sosial şəbəkə ölçü götürməsə, onun özünü məhkəməyə verəcəklər. Misal üçün “Facebook” istifadəçisi kiminsə şərəf və ləyaqətini alçaldırsa və şəbəkə buna görə hansısa tədbir görmürsə, onun özü məhkəməyə veriləcək. Bundan əvvəl Türkiyə sosial şəbəkələrdən birini məhkəməyə verib və qalib gəlib. Sosial şəbəkə cərimə ödəməli olub. Bu məsələyə Azərbaycanda da diqqətlə yanaşmaq lazımdır”.
 

 
“Mənə bəzən deyirlər ki, sizin şərəf və ləyaqətinizi alçaldıblar, niyə həmin şəxsləri məhkəməyə vermirsiniz? Məsələ burasındadır ki, biz humanizm göstəririk. Əgər məhkəməyə versək, məhkəmə ədalətli qərar verəcək, həmin şəxs cəza alacaq. Deputat həmin şəxsi məhkəməyə verib, həbsinə nail olduğu üçün anti-Azərbaycan qüvvələri, sapı bizdən olan baltalar başlayacaqlar ki, daha bir şəxs siyasi məhbus oldu. Azərbaycanda siyasi məhbus yoxdur. Heç vaxt da olmayacaq. İnsanlar sadəcə olaraq fərqli cinayət əməllərinə görə, həbs oluna bilər. Düşünürəm ki, ən azından qardaş Türkiyənin təcrübəsindən istifadə olunmalıdır. Türkiyədə tətbiq olunan qanun sosial şəbəkələrdə özbaşınalıq edən, gecə-gündüz şər və böhtan yağdıran şəxslərin məsuliyyətə cəlb olunmasına kömək edir”.
 
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli düşünür ki, Türkiyədə qəbuledilən qanun sosial şəbəkələrlə mətbuatı eyniləşdirir. Buna görə də dezinformasiya ilə bağlı cəza müəyyən olunub:
 
"Cəmiyyətlər, xüsusilə hökumətlər belə şeylərdən özünü qorumağa çalışırlar. Mən etik qaydaların pozulmamasının, dezinformasiyaların yayılmamasının tərəfdarıyam. Ancaq söz və ifadə azadlığını da məhdudlaşdırmaq olmaz. Bu, spesifik yanaşmadır.Türkiyədə qanunun tətbiqi zamanı müəyyən problemlər üzə çıxacaq. Çünki qəbul edilən qanuna yanaşma birmənalı deyil”.
 

 
Q.Məhhərrəmli oxşar qanunun Azərbaycanda da qəbul edilməsi məsələsinə toxunub:
 
“Parlamentdə əksəriyyət qanunu qəbul etməyə meyillidir. Ancaq necə qanun olacaq, bununla bağlı məlumatımız yoxdur. Ənənəvi mediada dezinformasiya yaymaq mümkünsüzdür. Çünki yayılan məlumatlar bir neçə mənbədən əldə edilir. Sosial şəbəkələrdə fəaliyyət göstərən bəzi qruplar isə bilərəkdən dezinformasiya yayırlar. Onlar tez-tez ünvanlarını, adlarını dəyişirlər. Bu gün əlbəttə, Türkiyədə qəbul edilən qanunun bənzəri bizdə də qəbul edilə bilər. Belə qanunun qəbul edilməsinin tərəfdarı çoxdur".
 
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlunun fikrincə, sosial media müxtəlif və fərqli yanaşmaları özündə əks etdirən rəngarəng palitranı göz önündə canlandırmaqdadır:
 

"Bu, bir tərəfdən hərtərəfli və müxtəlif yöndən baxışları, plüralizmi və fikir müxtəlifliyini əks etdirməsi ilə müsbət qəbul edilə bilərsə, digər tərəfdən mənfi yönləri ilə də narahatlıq doğurur. Məsələn, əsasən gənc və yeniyetmələrə neqativ yöndən mənfi psixoloji təsir göstərən yazılar və ya paylaşımlar buna misal ola bilər. Bura informasiya ilə manipulyasiya və məqsədli dezinformasiya yayımı problemlərini də şamil etmək lazımdır. Ümumiyyətlə, günümüzdə dezinformasiya və bilgi çirkliliyi ən vacib problem olaraq qalmaqdadır".
 
Vüqar Zifəroğlu qeyd edib ki, rəqəmsal alətlər insanların həyatını asanlaşdıra bilsə də, siyasi, sosial və iqtisadi məqsədlərə görə saxta, yönləndirici xəbərlər yaymağa çalışan fərdlər və qruplar üçün müəyyən əlverişli imkanlar yaratmaqdadır:
 
“Bu kontekstdə dezinformasiyaya əsaslanan məzmun troll və bot (saxta) hesablar, “Facebook” və “Twitter” kimi məşhur sosial media platformalarında yönləndirici kontent, audio və video üzərində manipulyasiyalar, kiberpirat fəaliyyətləri vasitəsilə rəqəmsal kommunikasiya şəbəkələrində sürətlə yayıla bilir. Bu isə mediaya və xəbərlərə inamın azalmasına, istifadəçilərin müəyyən sosial, siyasi və ya iqtisadi məqsədlərlə manipulyasiyasına, insanların qərar qəbul etməsinə mənfi təsir göstərməsinə, şübhəli məlumatlar əsasında ictimai rəyin yönləndirilməsinə gətirib çıxarır”.
 

BDU-nun dekanı vurğulayıb ki, dezinformasiya ilə mübarizə çərçivəsində bir çox aparıcı ölkələrin qanunveriliyində müvafiq qaydalar təsbit edilib:
 
“Almaniyada internet qanunu, sosial media ilə bağlı Şəbəkə Mühafizə Qanunu (NetzDG), Fransada İnformasiyanın Manipulyasiyası ilə Mübarizə Qanunu buna misal ola bilər. Eyni zamanda, Avropa İttifaqının Süni intellekt üzrə Uyğunlaşdırılmış (təklif) Qaydaları dezinformasiyaya/manipulyasiyaya səbəb ola biləcək məzmunun istehsalında süni intellekt proqram təminatının istifadəsi ilə bağlı ətraflı tənzimləmələri ehtiva edir.
 
Türkiyədə qəbul edilən qanun da bu mənada əslində, sosial media platformalarında mövcud olan xəbər çirkliliyi və dezinformasiyalarla mübarizənin aparılması baxımından müsbət qəbul edilməlidir. Xüsusi vurğulamaq lazımdır ki, bu tip qanunlar əsla insanların sosial media platformalarından istifadə azadlıqlarını məhdudlaşdırmır. Əksinə, məqsədli bilgi yönləndirmələri, informasiya manipulyasiyaları, eləcə də dezinformasiyaların qarşısını alır”.
Gundelik-Baku.Org