“Qaçıb gizlənən Vardanyanın geri dönüşü yoxdur, Paşinyan hakimiyyəti…”

“Qaçıb gizlənən Vardanyanın geri dönüşü yoxdur, Paşinyan hakimiyyəti…”
“Qondarma reimin tör-töküntülərindən biri olan “dövlət naziri” Vardanyanın Moskvanın layihəsi olduğu heç kəsə sirr deyil.  Onun minimum proqramı separatçı rejimin “lideri” olmaq, maksimum proqramı isə Paşinyanı əvəz etməklə bağlı idi. Elə bu səbəbdən Paşinyanla Vardanyanın münasibətlərinin çox gərgin olduğu bildirilir”.
Bu sözləri açıqlamasında millət vəkili Elman Nəsirov Qarabağda separatçıların “dövlət naziri” Ruben Vardanyanın Moskvaya qaçmasından danışarkən deyib. O, təkzib olunmayan bu xəbərin onsuz da gözlənilən olduğunu söyləyib:
“Bu gün faktiki olaraq Qarabağda sülh prosesi üçün ən böyük maneə məhz Vardanyan idi. Laçın yolu boyunca Azərbaycan ekofəallarının iki aya yaxındır ki etiraz dalğasının yaranmasının səbəbi də Vardanyanın tutduğu qərəzli mövqe ilə bağlıdır. Vardanyan özünü legitim tərəf kimi təqdim edirdi ki, bu da bizim üçün qəbuledilməz idi.
Yeri gəlmişkən, Vardanyanın separatçı rejimin “lideri” Arutyunyanla da münasibətlərinin gərgin olması bağlı fikirlər var. Hesab edirəm ki, bu, təsadüfi deyil. Çünki Vardanyan peyda olandan sanki separatçı rejimin bir nömrəli tör-töküntüsü olan şəxs artıq ikinci plana keçmişdi”.
Deputatın sözlərinə görə, hazırkı şəraitdə Vardanyanın qaçması yeni imkanlar açır: 
“Məhz Vardanyan gələn gündən sülh prosesi nəinki yerində saymağa başladı, əksinə, daha da gerilədi. Reallıq budur ki, indi onun getməsinə Qarabağda yaşayan ermənilər də sevinirlər.
Prezidenti İlham Əliyev də dəfələrlə söyləyib ki, Azərbaycan Vardanyanı qəbul etmir və o, heç bir halda bizim üçün legitim şəxs ola bilməz və onunla danışıqlar aparıla bilməz. Dövlət başçısının dediyi kimi, biz Qarabağda yaşayan erməni icması ilə danışıqlara hazırıq. Heç bir halda separatçılar və onların “lider”ləri il danışıqlardan söhbət gedə bilməz.
Azərbaycanın mövqeyi bəllidir: Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitutsiyasını, Azərbaycan vətəndaşlığı qəbul etməli, bizə interqasiya olunmalıdırlar. Kimlər qəbul etməsə, çıxıb gedə bilər”.
E.Nəsirov hesab edir ki, Vardanyanın qayıtmaq ehtimalı yoxdur:
“Doğrudan da fakt təsdiqini taparsa, onun belə olan vəziyyətdə geri qayıtması, Ermənistan cəmiyyətində və Qarabağdakı ermənilərdə də çox mənfi reaksiya doğuracaq. Heç kim qaçan, gizlənən “lider”ləri qəbul etmir. Hesab edirəm ki, Vardanyanın geriyə dönüşünün olmaması, Paşinyan hakimiyyətinin də marağındadır.
Azərbaycan Qarabağda heç bir hakimiyyəti qəbul etmir və etməyəcək. Bu Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Ona görə də Qarabağda Vardanyan olsun, qeyri-vardanyanlar olsun, Azərbaycan bu seprataçı rejimin tör-töküntülərini qəbul etmir. Onlar öz fəaliyyətlərini dayandırmalıdır. Qarabağda yaşayan ermənilərin nicatı bundan başlayır”.
Gundelik-Baku.Org