Məhkum həyatı yaşayan şəxs Braziliyanın prezidenti seçildi

Məhkum həyatı yaşayan şəxs Braziliyanın prezidenti seçildi
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu eks-prezident Luiz İnasio Lula da Silva 50,83 faiz səslə qalib gəlib.
Ali Seçki Məhkəməsinin (TSE) açdığı seçki qutularının nəticələrinə görə, Lula 50,83 faiz, rəqibi prezident Jair Bolsonaro isə 49,17 faiz səs toplayıb.
TSE-nin seçki nəticələrini paylaşdığı internet saytında seçkinin riyazi şəkildə tamamlandığı bildirilib.
Lula öz "Twitter" hesabında "Demokratiya" qeydi olan Braziliya bayrağını paylaşıb.
Luiz İnasio Lula da Silva 2023-cü il yanvarın 1-dən prezident postunu Bolsonarodan təhvil alacaq.
Qeyd edək ki, Lula da Silvanın 77 yaşı var. O, beş dəfə prezident seçkilərində iştirak edib. Lula 1989, 1994 və 1998-ci illərdə seçkilərdə məğlub olub. 2002,  2006-cı ildə isə prezident yenidən seçilib.
2018-ci ildə o, korrupsiyada təqsirli bilinib və həbs edilib.  Da Silva təqsirsizliyində israr edib və ittihamı siyasi motivli adlandırıb.
2019-cu ilin sonunda siyasətçi həbsdən azad edilib, 2021-ci ilin martında isə məhkəmə ona tam bəraət verib və hökmü ləğv edib.
Gundelik-Baku.Org