"Tanqonu tək oynamırlar" – Deputat gərginləşən İran-Azərbaycan münasibətlərindən danışdı

"Tanqonu tək oynamırlar" – Deputat gərginləşən İran-Azərbaycan münasibətlərindən danışdı
İranla münasibətlərin gərginləşməsi fonunda Bakı-Tehran münasibətlərin qırılma nöqtəsinə çatacağı haqda proqnozlar intensivləşməkdədir. Bu ölkə ilə sərhədlərin bağlanması, yaxud İrana səfərlərlə bağlı sərt prosedurların tətbiqi istiqamətində təkliflər səslənir. 
 
Mövzu ilə bağlı açıqlama verən millət vəkili Elman Nəsirov İranın Azərbaycana düşmən ölkələrlə dostluq siyasəti yürütməsinin münasibətlərə təsirsiz ötüşmədiyini deyib:
 
“Prezident İlham Əliyev ölkəmizin xarici siyasət kursunu müəyyən edib və burada əsas istiqamət ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətləri yüksək qurduğumuz üçün çoxtərəfli münasibətlərimiz də inkişaf edir. İkitərəfli münasibətlərdə prioritet dostlarla münasibətlərin qurulmasıdır. Bu baxımdan biz İranla münasibətlərin daha da dərinləşməsində maraqlıyıq. Təəssüf ki, bunun qarşılığında İrandan adekvat addımlar görmürük. 44 günlük müharibədə və müharibədən sonrakı dövrdə də Ermənistana dəstək fonunda İranın ermənipərəst mövqeyini müşahidə etdik. Lakin Ermənistan elə ölkələrlə dostluq edir ki, onlar İrana düşməndir. Məsələn, ABŞ, Fransa və s. Bütün bu reallıqları nəzərə aldıqda ortada fərqli mənzərə olmalıdır”.
 
Millət vəkili hazırda iki dövlət arasında gərginliyin yaranmasında əsl səbəbkarın İran İslam Respublikası olduğunu qeyd edib:
 
“Vəziyyət elə həddə çatıb ki, artıq İran KİV-ləri Azərbaycan əleyhinə faəliyyət göstərir, eyni zamanda Azərbaycanla sərhəddə hərbi manevrlər həyata keçirilir. Bundan başqa, İranda azərbaycanlıların yaşadığı ərazilərdə etriaz dalğaları daha amansız şəkildə yatırılır. Bu reallıqlar fonunda belə, Azərbaycan dövləti çox istərdi ki, İranla münasibətlər normallaşsın. Ötən gün Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığı müsbət yöndə olub. Lakin gərək İran sözdə dediklərini  əməldə də göstərsin. Əks halda vəziyyət drammatikləşməyə doğru gedir və biz bunda maraqlı deyilik. Çünki qonşularla gərginlik, vəziyyətin pisləşməsi heç bir tərəf üçün yaxşı hal deyil.
 
Belə bir ifadə var – “Tanqonu tək oynamırlar”.  Biz sülhpərvər mövqe nümayiş etdiririksə, İran da buna cavab verməlidir. Hesab edirəm ki, tezliklə İranın hərbi siyasi rəhbərliyi dərk edəcək ki, bu dünyada İranın dostlarının sayı barmaqla sayılacaq qədərdir. Belə vəziyyətdə dostları itirməyə dəyərmi? Hesab edirəm ki, İran bu sual üzərində düşünməli və nəticə çıxarmalıdır". 
Gundelik-Baku.Org