“Görüş ya Moskvada, ya da Soçidə olacaq” - Liderlər nəyi müzakirə edəcək?

“Görüş ya Moskvada, ya da Soçidə olacaq” - Liderlər nəyi müzakirə edəcək?
“Əvvəla, onu qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə oktyabr ayının sonunda üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar KİV-lərdə yayılıb. Hesab edirəm ki, bu görüşlər postmüharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsinə həsr olunur”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov oktyabr ayının sonunda Azərbaycan-Ermənistan-Rusiya dövlət başçılarının üçtərəfli keçirilməsi planlaşdırılan Soçi görüşünə şərh verərkən bildirib.
Millət vəkilinin sözlərinə görə, paralel şəkildə Moskva formatı ilə yanaşı həm də ki, Aİ Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir Brüssel formatı da var:
“Lakin təəssüf hissi ilə qeyd edirəm ki, Şarl Mişel 4 dəfə Azərbaycan və Ermənistan liderlərinin görüşünü keçirdi, amma Praqada keçirdiyi görüşdə Fransa prezidenti Emmanuel Makronun kənardan müdaxilə etməsi, nəticə etibarilə, o formatın özündə də müəyyən mənada anlaşılmaz səhifələrin yaranmasına gətirib çıxardı. Çünki Makron olmadan proseslər daha dinamik gedirdi və daha obyektiv yanaşmalar var idi.
İndi isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yeni bir görüşün keçiriləcəyilə bağlı məlumatlar yayılıb. Bu ya Moskvada, ya da Soçidə ola bilər. Yer hələ də dəqiq deyil, amma burada son dərəcə ciddi məsələlərdən biri də sərhədlərin müəyyən edilməsi məsələsidir. Çünki son erməni təxribatları Qarabağda deyil, məhz sərhəddə başlayıb. O baxımdan, bu təxribatlar özü belə vadar edir ki, sərhədlərin delimitasiyası məsələləri ən prioritet səviyyəyə yüksəlsin”.
E.Nəsirov vurğulayıb ki, bu məsələ çox ciddi müzakirə ediləcək:
“Eyni zamanda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına əngəl olan ən mühüm elementlərdən biri Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələrinin qalması ilə bağlı məsələdir. Çünki onlar tərk-silah olmalı və oradan çıxarılmalıdır. Azərbaycan Prezidenti də bu məsələ ilə bağlı Astanada keçirilən MDB Dövlət Başçılarının Şurasının Sammitində çox kəskin və sərt şəkildə öz mövqeyini açıqladı. Eyni zamanda dövlət başçısı onu da qeyd etdi ki, həm bu məsələ, həm də ki, Ermənistan və Azərbaycan arasında 10 noyabr sənədinə müvafiq olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəninin qurulması məsələsi var ki, Ermənistan bu bəndi də yerinə yetirmir və uzadır. Cənab Prezident bu sözləri bütün bu reallıqlar fonunda söylədi ki, bizim də səbrimizin bir limiti var və Ermənistan bunu nəzərə almalıdır. Həm də Vladimir Putinin iştirakı ilə bu fikirlər sələndirildi”.
Siyasətçi aydınlaşdırıb ki, Rusiya prezidentinin vasitəçiliyilə keçiriləcək bu görüşdə haqqında bəhs etdiyimiz məsələlər əsas müzakirə predmeti olacaq:
“Əslində, diqqətlə izləsəniz, rəsmi Moskvanın təşəbbüsü ilə həm Rusiya paytaxtında, həm də Soçidə keçirilən görüşlər və əldə edilmiş razılaşmalar Aİ Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılaşmalarla ziddiyət təşkil etmir. Əksinə, bir çox hallarda onunla üst-üstə düşür. Sadəcə olaraq, bu günləri kollektiv Qərb, eyni zamanda Aİ ilə Rusiya arasında Ukrayna böhranı fonunda çox ciddi bir fikir ayrılıqları var və hətta deyərdim ki, düşmənçilik münasibətləri mövcuddur”.
Müsahibimiz yekunda əlavə edib ki, Qərb ilə Rusiya arasında münasibətlərin bu səviyyəsi nəticə etibarilə, həm də onların postmünaqişə dövrünün sülh yaradılması prosesinə də təsirsiz ötüşmür:
“Həmçinin, burada bir-birini qısqanclıqla qarşılamaq elementləri diqqətdən yayınmır. Amma Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi ikitərəfli danışıqlar formatına - birbaşa Ermənistan-Azərbaycan təmaslarına üstünlük verir və kimlər ki, bu prosesə kömək edib töhvə vermək istəyirlərsə, biz buna da açığıq. Təki konstruktiv ruh və niyyət düzgün olsun. Azərbaycanın mövqeyi bundan ibarətdir”.
Gundelik-Baku.Org