Ekspertlər hesab edirlər ki, Azərbaycan-İsrail münasibətləri İrana qarşı yönəlməyib

Ekspertlər hesab edirlər ki, Azərbaycan-İsrail münasibətləri İrana qarşı yönəlməyib
Oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qanz Azərbaycanda rəsmi səfərdə olub.
O, prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevlə görüşüb.Bu görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri  müzakirə olunub.
Həmin gün Azərbaycan Müdafiə naziri Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqerinin  telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər müzakirə edilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turan-a bildirib ki, ölkə prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu fərqli istiqamətli ikitərəfli münasibətlərdir: «İkitərəfli münasibətlərdə biz beynəlxalq hüquqi normalarına əsaslanaraq qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə üstünlük veririk. Bir birinin daxili işlərinə qarışmamaq bizim üçün əsasdır».
Deputatın sözlərinə görə, belə məntiqlə Azərbaycan dövləti qonşu İran İslam Respublikası ilə əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır: «Biz bunu dəfələrlə öz davranışımızla təsdiqləmişik. Eyni zamanda İsrail dövləti Azərbaycan üçün strateji əhəmiyyətini kəsb edən dövlətdir və bizim xüsusilə enerji təhlükəsizliyi nöqteyi-nəzərindən, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq baxımından əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycan prezidenti  İlham Əliyevin müəyyən etdiyi kursun fəlsəfəsini təşkil edən bir cəhət var – Azərbaycanın bir dövlətlə münasibətləri üçüncü tərəfi heç zaman hədəfə almayıb».
Komitə üzvü qeyd edib ki, eyni məntiqlə Azərbaycan İsrail dövləti ilə münasibətlərin inkişafında maraqlıdır: «Eyni məntiqlə də İran İslam Respublikası ilə münasibətlərimizi inkişaf etdiririk. Heç bir halda Tel-Əvivlə münasibətlərin inkişafı Tehranın əleyhinə deyil. Tehranla münasibətlərin inkişafı isə Tel-Əvivə qarşı deyil».
Onun sözlərinə görə, buna baxmayaraq, görünür ki, İran İslam Respublikasında Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat olan tərəflər var: «Ancaq heç bir halda bunun əsası yoxdur. Azərbaycan dövlət siyasəti heç kəsi hədəfə almır, əksinə əməkdaşlığa yönəlib».
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  bildirib ki, Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığı davam edir və genişlənir: «İsrail müdafiə nazirinin Bakıya səfəri bundan xəbər verir. Bu, çox əhəmiyyətli səfərdir və hiss olunur ki, həm Azərbaycan, həm İsrail hərbi-texniki əməkdaşlığın bundan sonra da maraqlıdır. Bu da o deməkdir ki, gələcəkdə biz İsraildən daha müasir silahlar ala bilərik».
Ekspert qeyd edib ki, Azərbaycan Qərbdən silah ala bilmir: «Qərb bizə silah satmır. Rusiyadan vaxtilə 5 milyard dollarlıq silah almışıq, amma onun bir qismi keyfiyyətsiz çıxdı. Ona görə də biz əsas tərəfdaşlarımız – Türkiyə və İsraildən silah alırıq. Həmin silahlar İkinci Qarabağ Müharibəsində bizim uğurumuzda önəmli paya sahib oldu».
Politoloqun sözlərinə görə, Azərbaycan-İsrail münasibətləri hər zaman İrandakı rəsmi dairələrini narahat edib: «İsrail heç zaman Azərbaycan-İran münasibətlərinə qarışmayıb. Amma İran çox təəssüf ki, qarışıb. Düşünürəm ki, eyni gündə Zakir Həsənovun İsrailin müdafiə naziri ilə görüşündən sonra Baqeri ilə telefon danışığı İranı bir az sakitləşdirmək məqsədilə olub ki, Azərbaycan-İsrail hərbi əməkdaşlığı ikitərəfli prinsipi əsasında inkişaf edir».
Lakin ekspert İranın şübhələrinin aradan qalxacağına inanmır. «Çünki bir neçə gün əvvəl Baqeri Azərbaycanı ittiham edən bir neçə açıqlama vermişdi. Əslində, bu onların problemidir. Çox təəssüf ki, İranın İslam Keşikçiləri Korpusuna bağlı saytda xəbər çıxmışdı ki, güya Azərbaycan, İsrail və Türkiyə İran ərazisinə silah keçirirlər. Bu, başdan ayağa yalandır. İsrailin İranla bağlı müəyyən planları ola bilər, amma nə Azərbaycan, nə də Türkiyə İranın daxili işlərinə qarışmır. Digər tərəfdən, İsrailin müdafiə nazirinin Bakıya gəlişi bunu göstərir ki, rəsmi Bakı İranın bu təxribatçı açıqlamalarından çəkinmir».
Gundelik-Baku.Org