"Dərmanların qiyməti çox yüksəkdir" - Qənirə Paşayeva

"Dərmanların qiyməti çox yüksəkdir" - Qənirə Paşayeva
“Mədəniyyət sahəsində bir çox dövlət proqramlarının icrası bitib. Amma biz proqramlar bitdikdən sonra görürük ki, bəzi məsələlər öz həllini tapmayıb”.
APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri bildirib ki, büdcədə dövlət proqramlarının nəticəyönümlülüyünə diqqət artırılmalıdır: “Mədəniyyətin bir çox sahələri var ki, o sahələrdə əməkhaqları çox aşağıdır, stimullaşdırıcı tədbirlər yoxdur. Ona görə bu sahələrə gedən adamların sayı azdır. Güzəştli ipotekadan yararlanan gənclər sırasına mədəniyyət sahəsinin bir sıra yerlərində çalışan gənclərin də daxil edilməsini təklif edirəm. Bir çox bölgələrimizdə tarix və mədəniyyət abidələrimizin restavrasiya və bərpası gecikir. Zaman itkisi onların bərpasında çox ciddi problemlər yaradır. Büdcədən buna vəsait ayrılması mümkün deyilsə, özəl şirkətlərin, iş adamlarının bu sahəyə cəlb edilməsi üçün addımlar atılsın”.
Komitə sədri qeyd edib ki, aztəminatlı insanlarımız qida məhsullarının artımlarının diqqət saxlanmasını istəyirlər: “Dərman məhsullarının qiyməti çox yüksəkdir, uşaq bezləri və yeməklərinin qiymətlərinin aşağı salınması istiqamətində təkliflər səsləndirirlər. Onkoloji xəstəliklər, autizm, süni mayalanmanın da icbari tibbi sığorta ilə əhatə olunmasını təklif edirəm”.
Gundelik-Baku.Org