Əliyev-Ərdoğan-Paşinyan üçlü görüş gözləntisi - Nikol can atır...

Əliyev-Ərdoğan-Paşinyan üçlü görüş gözləntisi - Nikol can atır...
Avropa Şurasının sammiti çərçivəsində üç ölkənin liderləri bir araya gələ bilər; deputat: “Hətta üçlü görüş baş tutmasa belə, Ərdoğan-Paşinyan görüşü çox vacibdir, bu elə Azərbaycanın Ermənistanla danışması deməkdir”
“Gələn həftə (oktyabrın 6-da) Praqada Avropa Şurasının sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş ola bilər”.  “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan nəşri “Past” yazıb.
Qəzetin bildirdiyinə görə, görüşün mümkünlüyünü Ermənistan XİN-də də təsdiqləyiblər. Nəşrin yazdığına görə, erməni tərəfi Ərdoğanla görüşə ciddi yanaşır, hətta mümkün görüşlə bağlı hazırlıq işlərinə başlanılıb. “Üstəlik, mənbəmiz Nikol Paşinyanın Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcəyini istisna etmir. Eyni mənbə iddia edir ki, hakimiyyət həmçinin pərdəarxası digər formatlarda görüşlərin mümkünlüyünü müzakirə edir”, - qəzet qeyd edib.
Xatırladaq ki, az öncə Türkiyə Prezidenti Praqada Ermənistanın baş naziri ilə görüşünü istisna etməmişdi. Ərdoğan və Paşinyan indiyədək heç vaxt tet-a-tet görüşməyiblər. Onlar arasında yalnız bu ilin iyulunda telefon danışığı olub. O zaman tərəflər xüsusi nümayəndələr arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümid ifadə etmişdilər. Bəs ikili və ya üçlü formatda təmas sülh prosesinə təkan verə bilərmi? Ərdoğan Paşinyanla hansı məsələləri razılaşdıra bilər?
Fayl:Elman Nəsirov.jpg — Vikipediya
 Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, haqqında çox bəhs olunan sülh prosesi ilə bağlı problemlər yaşanmaqdadır. Onun sözlərinə görə, hətta Paşinyan sülh müqaviləsi mətninin hazır olacağını açıqlamışdı, Azərbaycan Prezidenti də bəyan etmişdi ki, proses bu templə davam edərsə, bir neçə ay ərzində sülh sazişi ola bilər, amma bir sıra hadisələr oldu və sülh müqaviləsi irəliyə deyil, geriyə doğru getməkdədir: “Bu da yaxşı heç nə vəd etmir. Azərbaycan 44 günlük müharibədən sonra "Qisas" əməliyyatı keçirdi, sonra ermənilər sentyabrda sərhəddə genişmiqyaslı təxribatlara başladı, ordumuz buna da layiqli cavab verdi. Lakin belə vaxtda Pelosi İrəvanda peyda oldu, dedi ki, KTMT işini görmürsə, onu ABŞ əvəz edə bilər, biz sizə silah verə bilərik. Bax, buna görə sülh prosesinə təhdid yaranıb". Praqa sammitinə gəlincə, deputat vurğuladı ki, kövrək sülh prosesi ilə bağlı yaranmış bu səbəblərdən istənilən görüş əhəmiyyətlidir: “Hətta üçlü görüş baş tutmasa belə, Ərdoğan-Paşinyan görüşü bizim üçün çox vacibdir. Bu görüş elə Azərbaycanın Ermənistanla danışması deməkdir. Cənab Ərdoğanın orada olması kifayətdir. Bu görüş baş tutacağı təqdirdə cənab Ərdoğan Paşinyanı başa salacaq ki, sülhün və əməkdaşlığın alternativi yoxdur. Nə vaxta qədər blokada şəraitində qalacaqsınız, özünüzü küncə sıxacaqsınız? Türkiyə kimi Avropanın nəhəng iqtisadiyyatı ilə əlaqələr Ermənistanın nicatı deməkdir. Bunun üçün Ankaranın şərtləri var - Zəngəzur dəhlizi açılmalı, sərhədlər dəqiqləşməlidir, İrəvan öhdəlikləri yerinə yetirməlidir. Bunun alternativi isə müharibədir. Ermənistan müharibəyə hansı hərbi potensialla gedəcək? Bu baxımdan, düşünürəm ki, Avropa Şurası da sülh mövzusunda eyni fikrə malikdir”.

Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Ərdoğan belə görüş olmasını istisna etməyib, amma Paşinyan iki PKK-çını Ankaraya təhvil verməklə bu ehtimalları daha da artırıb: “Ermənistan iki terrorçunu Türkiyəyə verməklə normallaşma prosesinə bir jest etmiş oldu. Bu, sammit ərəfəsində vacib hadisə idi. Paşinyan dəfələrlə deyib ki, Türkiyə ilə normallaşma tərəfdarıdır. Amma qardaş ölkə də ondan tələb edir ki, Azərbaycanla bağlı məsələləri həll etməlisən. Türkiyə ilə sərhədlərin açılmasını istəyən erməni tərəfi ilk növbədə Zəngəzur koridorunun açılmasına razılaşmalıdır. Əvvəl-axır Paşinyan buna gedəcək, sadəcə, bu gün ABŞ və Fransanın dəstəyi onu ruhlandırıb ki, götürdüyü öhdəlikləri icra etməsin. Fikrimcə, Praqada görüş mümkündür, amma görüş xatirinə olmalı deyil. Ermənistan Pelosinin, Blinkenin sözü ilə oturub-duracaqsa, imitasiya xarakterli görüşlərə ehtiyac yoxdur”.
Gundelik-Baku.Org