Aptekdən spirt alıb içdi, psixoloqun avtomobilini qaçırdı, qəza törətdi

Aptekdən spirt alıb içdi, psixoloqun avtomobilini qaçırdı, qəza törətdi
Abşeron Rayon Məhkəməsində avtomobil qaçırmada təqsirləndirilən Rafiq Rahibovun (ad şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Abşeron rayonu, Masazır-Novxanı avtomobil yolunun 1-ci kilometrliyində, “İST petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən gül dükanının qarşısında qeydə alınb.
Belə ki, 1986-cı il təvəllüdlü Rafiq Rahibov zərərçəkmiş Nəcibə Əsədovanın (ad şərti) gül dükanının qarşısında saxladığı “Mitsubishi Pajero” markalı avtomobilinin qapısının açıq və açarının üzərində olmasından istifadə edərək onu qaçırıb, Mehdiabad qəsəbəsi istiqamətində idarə edib. Rafiq nəqliyyat vasitəsini yolun qarşı zolağında hərəkətdə olan Qabil Əşrəfovun (ad şərti) avtomobilinə vurub. Nəticədə o, həmin avtomobilin sahibinə 1 850 manat, digər maşının sahibinə isə 3 360 manat dəyərində ziyan vurub. 
Məhkəmə baxışında Rafiq Rahibov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində gündəlik üç manat kirayə ödədiyi evdə qalır. Fərdi olaraq işləyib özünü dolandırır.
Rafiq 5 mart 2022-ci il tarixdə bir qədər işləyib pul topladıqdan sonra yaşadığı yerin yaxınlığında olan aptekdən spirt alıb, bir qədər o spirtdən içib. Bundan sonra piyada Abşeron rayonu, Novxanı qəsəbəsi istiqamətində getməyə başlayıb. O, saat 19 radələrində Novxanı qəsəbəsində yolun kənarında ağ rəngli “Mitsubishi” markalı avtomobilin dayandığını görüb. Həmin avtomobilə yaxınlaşıb və salonuna baxıb. Avtomobilin açarlarının üzərində olduğunu, qapılarının açıq olduğunu görüb və işə salıb. O, avtomobil idarə edə bilmədiyi üçün, eyni zamanda içdiyi spirtin təsiri altında olduğuna görə bir qədər sonra avtomobili başqa maşına çırpıb. Qorxduğundan maşını geriyə döndərib bir qədər də sürüb. Lakin maşından tüstü çıxdığına görə yolda saxlayıb. Bu zaman polis əməkdaşları hadisə yerinə gələrək onu Saray Polis Bölməsinə aparıblar. O həmin gün sərxoş vəziyyətdə olduğuna görə etdiyi əməli dərk etməyib.
Hazırda törətdiyi əməllərdən peşman olduğunu, lakin vurulmuş ziyanı ödəməyə imkanı çatmadığını bildirərək məhkəmədən xəstə olduğunu da nəzərə alaraq yüngül cəza təyin etməsini xahiş edib.
Zərərçəkmiş Nəcibə Əsədova ifadəsində deyib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində psixoloq vəzifəsində çalışır. O söyləyib ki, hadisə günü “Mitsubishi Pajero” markalı avtomobili ilə qardaşı ilə birlikdə Bakıdan Sumqayıta, anasının məzarını ziyarətə gedirmiş. Saat 19 radələrində Novxanı qəsəbəsində yol kənarındakı gül dükanlarına baxıb. Bu zaman maşını yolun kənarında saxlayıb, adını xatırlamadığı gül dükanına daxil olublar. Maşından düşəndə açarı avtomobilin üzərində qoyaraq, qapıları bağlamayıb. Qardaşı ilə güllərə baxan zaman maşınını saxladığı yerdə görməyib. Dükandan çıxanda avtomobilinin Mehdiabad qəsəbəsi istiqamətində sürüldüyünü görüb. Bu zaman bir nəfər öz maşını ilə ona yaxınlaşaraq, avtomobilə əyləşməyi və maşının arxasınca getməyi təklif edib. O da qardaşı ilə birlikdə tanımadığı avtomobilə əyləşib, öz avtomobilinin arxasınca gediblər.
Gundelik-Baku.Org