4 nəfərin ölümünə səbəb olan iş adamı cəzasının azaldılmasını istəyir

4 nəfərin ölümünə səbəb olan iş adamı cəzasının azaldılmasını istəyir
Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev kassasiya şikayəti verib.
Şikayət ərizəsində Elşad Kəlbəliyev zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini qeyd edərək şərti cəza verilməsini istəyir.
İş Ali Məhkəməyə daxil olub.
Xatırladaq ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub. Məhkəmə E.Kəlbəliyevin 2 il nəqliyyat idarə etmək qadağan olunmaqla 9 il azadlıqdan məhrum edilməsinə qərar verib.
E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.
Gundelik-Baku.Org