“Location” klubundakı partlayışda təqsirləndirilən şəxslərə hökm oxundu

“Location” klubundakı partlayışda təqsirləndirilən şəxslərə hökm oxundu
Bakıda “Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədova hökm oxunub. 
Hökmə əsasən, ittiham üzrə verilmiş maddələrlə təqsirli bilinərək Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il azadlıqdan məhrum edilib.
Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ruslan Məmmədova sınaq müddəti seçilməklə şərti cəza verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Prosesdə bildirilib ki, Orxan Səfərli tərəfindən zərərçəkmiş şəxslərə dəyən ziyanın ödənilməsi təmin olunub və bu barədə ərizələr məhkəməyə təqdim olunub. Şikayətçilər məhkəməyə ərizələr təqdim edərək təqsirləndirilən şəxslərə qarşı iddia və şikayətlərinin olmadıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Rəsulov Rəsul Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 
Orxan Səfərli və Rəsul Rəsulov isə Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə, Orxan Səfərliyə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasl təyin edilib. Rəsul Rəsulov isə 1 il sınaq müddəti olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib. Rəsul Rəsulov və Orxan Səfərli cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər. 
Xatırladaq ki, bu il aprelin 3-də gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.
İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Gundelik-Baku.Org