“Terrorçu ilə danışıqlar mümkün deyil!” - Deputatdan antiterror əməliyyatına reaksiya

“Terrorçu ilə danışıqlar mümkün deyil!” - Deputatdan antiterror əməliyyatına reaksiya
"Ermənistanın ali siyasi rəhbərliyinin son davranışları Azərbaycanın lokal antiterror tədbirləri keçirməsini labüd etdi, bizi buna vadar etdilər. Sentyabr ayının 2-də Paşinyan qondarma rejimin yaradılmasının növbəti ildönümü ilə bağlı separatçı rejimin "rəhbərlərinə" təbrik məktubunda faktiki olaraq danışıqlardan imtina etdiyini bildirmiş oldu və ötən əsrin 80-ci illərinin ritorikasında mövqeyini ifadə etdi, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bildirmiş oldu". 
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib. Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılığın əldə olunmasından danışan millət vəkili Ermənistanla indiyə qədər danışıqların işə yaramadığını bildirib: 
"Paşinyan indiyə qədər tamamilə əks mövqedə idi. Bundan əvvəl Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bərabər, hətta onun parametrlərini də göstərmişdi. Bundan ruhlanan separatçı rejim sentyabrın 9-da qeyri-qanuni "prezident seçkiləri" keçirdi və sentyabrın 19-da bizi mina müharibəsinin növbəti ağır fəsadları ilə üz-üzə qoydu. Bütün bunlar hamısı artıq Azərbaycana meydan oxumaq idi. O Azərbaycana ki, 3 il bundan öncə Ermənistanı sarsıdıcı məğlubiyyətə düçar edib, onu kapitulyant səviyyəsinə endirib və ağ bayraq qaldırmağa məcbur etmişdi. 
Deməli, Ermənistanla danışıqlarla, xoşluqla, sülh yolu ilə məsələləri tənzimləmək mümkün deyil. Ermənistanın anladığı bir dil var, o da güc dilidir". 
O, qeyd edib ki, Azərbaycan hökuməti separatçılarla danışığa getməyəcəyini öncədən bildirmişdi və dediyini də etdi: 
"Azərbaycan silahlı qüvvələri də 19 sentyabrda lokal antirerror əməliyyatlarına start verdi və separatçı rejimin kökünün kəsilməsi ilə bağlı addımlar atmağa başladı. Əməliyyatların ilk saatından məlum olmuşdu ki, separatçılar qorxu və vahimə içərisindədirlər. Separatizm və terrorizm eyni zəncirin iki halqasıdır, onları ayırmaq mümkün deyil. Azərbaycanın separatçılarla danışığa getmək niyyəti yox idi.
Azərbaycan Prezidenti Blinkenlə son telefon danışığında da bildirmişdi ki, separatçı rejim özünü buraxmalıdır, silahları təhvil verməlidir, yalnız bundan sonra danışıqlardan söhbət gedə bilər, tək yol budur, başqa alternativ yol yox idi. Terrorçu ilə danışıqlar mümkün deyil və separatçılar, onların tör-töküntüləri silahları qoyub qaçdılar".
Gundelik-Baku.Org