Başqa yolumuz qalmamışdı: Ordumuz yenidən tarix yazır

Başqa yolumuz qalmamışdı: Ordumuz yenidən tarix yazır
"Sentyabrın 19-da Azərbaycan silahlı qüvvələri Ermənistan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonunda törətdiyi cinayətkar əməllərə, hərbi təxribatçı davranışa cavab olaraq lokal antiterror tədbirlərinə başlayıb. Azərbaycanın bu addımı beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur".
Bunu açıqlamasında deputat Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, Ermənistan seperatçıları sistemli şəkildə ardıcılı olaraq Azerbaycan ərazisində təxribat hərəkətləri ilə məşğul olurlar. Deputat qeyd edib ki, xüsusilə sentyabrın 19-da baş verən təxribat Ermənistanın Azərbaycan dövləti ilə sülh müqaviləsi bağlamaq ehtimalının olmadığını göstərdi.
"Ermənistan Azərbaycana qarşı mina müharibəsini aparmaqdadır. Belə olan vəziyyətdə Azərbaycan məcburi olaraq lokal antiterror tədbirləri həyata keçirməyə başladı. Sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qondarma rejimin yaradılması ilə bağlı təbrik məktubu göndərdi. Bu məktubun mətni ilə tanış olanda keçən əsrin 80-ci illərin ab-havası gəlirdi. Sanki nə Vaşinqton danışıqları olub, nə Brüssel, nə Moskva, nə də Soçi..."- deyə E.Nəsirov vurğulayıb.
Müsahibimiz bildirib ki, sanki Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı heç bir addım atılmayıb, sanki Paşinyan “Qarabağ Azərbaycan torpağıdır” deməyib, Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sanki tanıyarkən də onun konkret parametrlərini göstərməyib.

Elman Nəsirov: Azərbaycanın antiterror əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur
Bunun ardınca sentyabrın 9-da qondarma rejimdə “prezident seçkiləri”nin keçirildiyini xatırladan deputat qeyd edib ki, bu, artıq Azərbaycana seperatçılar tərəfindən meydan oxumaq cəhdi deməkdir: “Bundan sonra da Azərbaycanın silahlı qüvvələrinin mövqelərinin intensiv olaraq iriçaplı silahlardan açılan ateşə tutulması və sentyabrın 19-da baş verənlər Azərbaycan üçün başqa çıxış yolu qoymadı".
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın işi haqq işidir: “Azərbaycan silahlı qüvvələri ərazi bütövlüyümüzün bərpası ilə bağlı müqəddəs bir missiyanı həyata keçirir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində yenilməz ordumuz yenidən tarix yazır. Odumuz ərazi bütövlüyümüzün tam bərpası istiqamətində həlledici və tarixi addımlar atmaqdadır".
Gundelik-Baku.Org