"Yaxın anlarda Azərbaycan bayrağı Xankəndidə bərpa olunacaq" - AÇIQLAMA

"Yaxın anlarda Azərbaycan bayrağı Xankəndidə bərpa olunacaq" - AÇIQLAMA
“Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal antiterror tədbirləri sentyabrın 20-si 13:00-da dayandırılıb. Buna səbəb Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlıları vasitəsilə Azərbaycana müraciətləri olub. Həmin müraciət əsasında Azərbaycanın şərtləri daxilində tədbirlərin dayandırılması haqqında razılaşma əldə edilib. Razılaşmada əsas şərtimiz budur ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri, erməni silahlı dəstələri tərksilah edilir, silahı yerə qoyurlar. Ermənistan SQ birləşmələri Azərbaycan ərazisini tərk edir, erməni silahlı dəstələri isə özünü buraxmış elan edir. Əsas tələb budur. Azərbaycanın ikinci şərti budur ki, Ermənistan SQ birləşmələri və erməni silahlı dəstələri bütün silah-sursatı, hərbi texnikanı Azərbaycana təhvil verirlər. Bütün proses Rusiya sülhməramlıları ilə əlaqələndirilmiş şəkildə tənzimlənir. Bu, Azərbaycanın çox böyük tarixi qələbəsidir”. 
 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat vurğulayıb: 
 
“Ermənistan SQ və onların himayəsində fəaliyyət göstərən erməni silahlı quldur dəstələri gördülər ki, müqavimətin mənası yoxdur, Azərbaycanla hərbi müstəvidə danışmaq qeyri-mümkündür, Azərbaycana qarşı Azərbaycan Ordusu ilə döyüşmək, ona qarşı mübarizə aparmaq özünüintihardan başqa bir şey deyil. Tarixi ədalət bütün Qarabağ ərazisinə gəlmiş oldu. Yaxın anlarda Azərbaycan bayrağı Xankəndidə, Azərbaycanın müvəqqəti nəzarətində olmayan digər ərazilərində də  bərpa olunacaq. Bu gün böyük qürur və fəxarət hissi ilə qeyd etmək olar ki, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz növbəti tarixi zəfərə imza atdı, Azərbaycan ərazilərinin tam suverenliyini bərpa etmiş oldu, tarixi ədaləti bununla da bərpa etdi. Bir sözlə, son 3 il ərzində Azərbaycanın irəli sürdüyü tələbləri israrla qəbul etməyən Ermənistan Silahlı Qüvvələri və erməni silahlı dəstələri cəmisi bir sutka ərzində Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ağ bayrağı qaldırmağa və şərtlərimizi qəbul etməyə məcbur oldular”. 
Gundelik-Baku.Org