Deputat: “Baş vermiş hadisəyə görə bütün məsuliyyət şəxsən Paşinyanın üzərinə düşür”

Deputat: “Baş vermiş hadisəyə görə bütün məsuliyyət şəxsən Paşinyanın üzərinə düşür”
“9 sentyabrda heç bir dünya dövlətinin tanımadığı seperatçı bir rejimdə növbəti cinayət aktı baş verdi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
"Azərbaycanın Qarabağ İqtisadi Zonasında separatçılar tətəfindən qondarma prezident seçkiləri keçirildi və guya ki, özlərinin yeni rəhbərini seçdilər. Təbii ki, bu hadisə Beynəlxalq Hüququn norma və prinsipləri ilə daban-dabana ziddir. Azərbaycan tərəfi bu seçkilərin nəticələrinə qarşı beynəlxalq aləmin reaksiyasını diqqətlə izləməkdədir. Beynəlxalq birliyin əsas subyektləri - bizə qonşu dövlətlər, eyni zamanda Avropa İttifaqı, digər böyük dövlətlər artıq öz mövqeyini ifadə edirlər. Seçkilərin nəticələrini tanımadıqlarını bəyan edirlər. Belə vəziyyətdə heç şübhəsiz ki, baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin – şəxsən Paşinyanın üzərinə düşür. Onun himayə etdiyi, maliyyələşdirdiyi, silahlandırdığı qondarma rejim belə bir qeyri-qanuni akta imza atıb”.
“Yeri gəlmişkən, Paşinyan 2019-cu ildə “Qarabağ Ermənistandır” söylədi və bu 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirdi” - deyə, deputat əlavə edib:
"İndi də Paşinyan bir yandan sülhpərvər davranış ortaya qoyur, bir yandan Azərbaycan ərazi bütövlüyünü tanıdığını bildirir, bir yandan “Qarabağ Azərbaycandır” deyir, bir yandan da qondarma rejimin yaranmasının qeyri-qanuni ildönümü münasibətilə separatçılara təbrik məktubu göndərir. Elə bir yanaşma ortaya qoyur ki, keçən əsrin 80-ci illərini xatırladır. Hesab edirəm ki, bu davranış “Qarabağ Ermənistandır” deməsinə bərabər bir hərəkətdir. Belə olan təqdirdə hadisələr gözlənilməz, mürəkkəb xətt üzrə inkişaf edə bilər. Regionda yenidən partlayış olarsa, Paşinyanın məlum bəyanatı və attığı digər addımlar səbəb olacaq və məsuliyyət də Ermənistanın siyasi hərbi rəhbərliyinin, ona havadarlıq edənlərin, xüsusilə də Fransanın üzərinə düşəcək. Azərbaycan bu halda heç bir məsuliyyət daşımır. Çünki bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü qoruyur və onu təmin edirik".
E.Nəsirov Ermənistan və Rusiya münasibətlərindən də bəhs edib:
"Diqqətdan yayınmayan başqa bir məqama da toxunmaq istəyirəm. Azərbaycan Qarabağda yaşayan ermənilərə Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınmasını təklif edir və bu istiqamətdə addım da atıb. Amma Qarabağdakı separatçılar o yükü qəbul etmirlər. Belə olan vəziyyətdə güman etmək olar ki, Rusiyadan gələn humanitar yükləri qəbul edəcəklər. Həmin yük də Ağdam-Xankəndi yolu istiqamətində hərəkət edirdi. Separatçılar onu da qəbul etmirlər. Bu artıq yeni və gözlənilməz bir hadisədir. Həm də Moskva-İrəvan münasibətlərindəki son dərəcədə mürəkkəb vəziyyətin ifadəsidir. Hesab edəriəm ki, son onilliklərdə heç bir zaman Ermənistan-Rusiya münasibətləri bu qədər tarıma çəkilməmişdi. Lap yaxın zamanlarda Rusiyanın Ermənistana olan qəzəbinin hansı nəticələr verəcəyini görə biləcəyik”.
Xatırladaq ki, Avropa İttifaqı rəsmiləri sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər"in tanınmaması ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda Avropa İttifaqı "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını qeyd edib.
Gundelik-Baku.Org