“Prezidentin çıxışı Fransa, İran üçün çox ciddi siqnaldır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezidentin çıxışı Fransa, İran üçün çox ciddi siqnaldır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ADA universitetində keçirilən beynəlxalq konfransda ona ünvanlanan suallara cavab zamanı Fransa və İranın anti-azərbaycan siyasəti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi. O, xüsusilə qeyd etdi ki, Azərbaycanın Fransaya qarşı heç bir iddiası olmayıb, iddialarla çıxış edən Fransadır”. Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, oktyabr ayının 6-da da Praqa görüşündə Fransa prezidenti də iştirak etdi: “Amma görüşdən bir qədər keçməmiş Fransa televiziyasının müsahibəsində anti-azərbaycan mövqeyini ortaya qoydu, birbaşa Ermənistanı müdafiə etdi, Azərbaycan əleyhinə bəyanatlar səsləndirdi. Bunun ardınca noyabr ayının 15-də Fransa senatı yenidən Azərbaycan əleyhinə bir qətnamə qəbul etdi.
Eyni zamanda yaxın zamanlarda Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsi gözlənilir və belə olan vəziyyətdə dekabr ayının 7-də Brüsseldə yenidən Ermənistanın və Azərbaycanın siyasi liderlərinin görüşü keçirilməliydi. Amma Avropa İttifaqı ofisindən verilən məlumatdan bəlli oldu ki, Ermənistan baş naziri bu görüşə yalnız o halda gedəcəyini bildirib ki, həmin görüşdə Fransa prezidenti Emannuel Makron da iştirak etsin. Əlbəttə, bu Fransanın xüsusilə son davranışlarından sonra qeyri-mümkündür və Azərbaycanın da məlum mövqeyini şərhləndirən elə Fransanın öz siyasətidir. Deməli, bu görüş baş tutmayacaq. Fransa prezidenti Emannuel Makronun da iştirak edəcəyi Brüssel görüşü baş tutmayacaq və artıq bundan sonrakı hadisələrə görə də məsuliyyət məhz onların üzərinə düşür. Avropa İttifaqı da bu vəziyyəti qiymətləndirməlidir və yeni bir yanaşma ortaya qoymalıdır. Fransanın iştirakı ilə heç bir tənzimləmə ola bilməz, həm də Azərbaycanın mövqeyi bəllidir. Mövqe ondan ibarətdir ki, biz Ermənistanla münasibətləri normallaşdırmaq istəyirik və istəyirik ki, məqbul bir formal çərçivəsində də bu proses sürətləndirilsin. Brüssel formatı da bu baxımdan təqdir olunan müdafiə etdiyimiz bir format idi. Ancaq Fransanın iştirakı bütün vəziyyəti dəyişmiş olur. Ona görə də biz bu format çərçivəsində artıq danışıqlarda iştirak edə bilmərik.
Eyni zamanda cənab Prezident İranın anti-azərbaycan siyasəti ilə bağlı məsələlər diqqəti cəlb etdi və qeyd etdi ki, İranla Azərbaycan arasında münasibətlər gərginləşməsinə görə bütün məsuliyyət İranın üzərinə düşür. Azərbaycan hər zaman İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb, lakin biz bunun qarşılığında əks mövqeni görmüşük. İran Azərbaycanla sərhəddə son zaman 2 hərbi təlim keçirib və bunun qarşılığında biz də hərbi təlimlər keçirtdik və bununla da İranı başa saldıq ki biz sizdən qorxmuruq, çəkinmirik, öz haqq işimizi müdafiə edirik. Cənab Prezident qeyd etdi ki, niyə İran Azərbaycan torpaqları işğal altında olarkən belə hərbi təlimlər keçirmirdi?! Azərbaycanın İranla sərhədinin 132 kilometri Ermənistanın işğalı altında idi. Belə olan vəziyyətdə niyə belə hərbi təlimlər keçirib Ermənistana təzyiq göstərmirdi?! İndi isə deyir ki, Ermənistanın ərazi bütövlüyü bizim üçün qırmızı xəttdir. Bəs, Azərbaycanın ərazi bütövlüyü 30 il ərzində pozulanda niyə oxşar mövqeyini səsləndirmirdi?! niyə demirdi ki Azərbaycan ərazi bütövlüyü bizim üçün qırmızı xəttdir?! Bu sualları Azərbaycan xalqı verir, Azərbaycan xalqı bu sualların cavabını gözləyir.
Eyni zamanda cənab Prezident vurğuladı ki, mən İranın əvvəlki prezidentləri ilə işləmişəm. Lakin onların prezidentliyi dövründə heç bir zaman oxşar vəziyyət yaranmayıb. Təəssüf ki, indiki prezidentin dövründə bu proseslər yaşanmaqdadır və bu heç bir halda İran-Azərbaycan tarixi ənənəvi dostluq münasibətlərinə uyğun deyil. Biz qonşularımızla, o cümlədən İranla mehriban qonşuluq münasibətlərinin olmasında maraqlıyıq. Biz istəyirik ki, münasibətlərimiz inkişaf etsin. Bu hər iki dövlətin maraqlarına xidmət edir. Ancaq təəssüf ki biz İranın bunun qarşılığında tamamilə fərqli ermənipərəst bir mövqeyini gördük.
Eyni zamanda cənab Prezident çıxışı zamanı İranda yaşayan azərbaycanlılarla bağlı məsələyə də diqqəti cəlb etdi və qeyd etdi ki İran hər vəchlə çalışır ki, oradakı azərbaycanlıların dili, mədəniyyəti inkişaf etməsin. Orada bir dənə də olsa Azərbaycan dilində məktəb yoxdur. İstəyirlər ki əhali savadsız olsun, ədəbi Azərbaycan dili ölüb getsin, dil məişət səviyyəsində olsun və cənab Prezident misallar gətirdi, statistika gətirdi və söylədi ki 340 məktəbdə tədris rus dilində həyata keçirilir”.
Deputat sözlərinə belə davam edib: “Eyni zamanda cənab Prezident vurğuladı ki, Azərbaycanda 10 gürcü məktəbi var. Söylədi ki, Gürcüstanda 300 minə qədər soydaşımız yaşayır və onların 116 Azərbaycan dili məktəbləri var. İranda ermənilərin öz dillərində erməni dilində məktəbləri mövcuddur. Amma Azərbaycan dilində məktəblər açılmır. Buna İran hökuməti imkan vermir. Biz ona görə də eyniköklü, eyni dilin daşıyıcısı olan, bizim bir hissəmiz olan soydaşlarımızın hüquqlarını hər zaman müdafiə etməliyik və edəcəyik. Cənab Prezidentin bu çıxışı hesab edirəm ki, həm Fransa, həm İran üçün çox ciddi siqnaldır. Onlar düşünməlidirlər ki, Azərbaycanla diktə dili ilə danışmaq olmaz. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, Azərbaycan güclü dövlətdir, onun dünya səviyyəli lideri var, Azərbaycanın dünya orduları sırasında özünün mövqeyində dayanan ordusu var və dəmir yumruğa çevrilmiş bir xalqı, xalq hakimiyyət birliyi var. Ona görə də İran və Fransa Azərbaycanı hədəf seçiblərsə, ünvanı səhv salıblar. Azərbaycan onların siyasi manipulyasiyaları üçün uyğun məkan və coğrafiya deyil. Bu siyasi oyunbazlıqlarını başqa məkanlarda həyata keçirsinlər. O yerdə ki xalq, hakimiyyət birliyi var, o yerdə ki xalq, Prezident birliyi var, o yerlərdə bu qara ssenarilərini işə salmasınlar. Azərbaycan onlar üçün belə bir məkan deyil”.
Gundelik-Baku.Org