“Separatçılar getdikdən sonra Qarabağdakı ermənilərin üzü güləcək” – Elman Nəsirov

“Separatçılar getdikdən sonra Qarabağdakı ermənilərin üzü güləcək” – Elman Nəsirov
“Qarabağda yaşayan ermənilər faktiki olaraq, separatçı rejimin tör-töküntülərinin girovuna çevriliblər. İnanın ki, separatçı rejimin, qeyri-qanuni silahlı birləşmələri ərazini tərk edəcəkləri təqdirdə, Qarabağdakı ermənilərin üzü güləcək, eyni açılacaq. Və onların Azərbaycana inteqrasiya etmək niyyətində olduqları özünü aydın şəkildə büruzə verəcək”.

Bu fikirləri açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib.

Deputat Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası üçün hansı metodlardan istifadə oluna biləcəyi ilə bağlı da fikirlərini bölüşüb:

“Onlarla inteqrasiyanı təmin etmək üçün cürbəcür təkliflər səsləndirilir. Maddi dəstək, maliyyə xərcləmələri kimi yanaşmalar mövcuddur. Bildiyiniz kimi, Cənab Prezident Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışı prioritet istiqamət kimi müəyyən edib. Düşünürəm ki, Qarabağ bərpa edildikcə, müasir şəhərlər, kəndlər salındıqca bu, oradakı ermənilərə böyük təsir edəcək, etalon olacaq. Özləri görəcəklər ki, Qarabağda cənnət məkanı yaradılır, onlar isə separatçı rejimin əlində girova çevrildikləri üçün nə özlərinin, nə də övladlarının gələcəyi var.

Digər tərəfdən, 10 noyabr bəyanatının 4-cü bəndində qeyd olunan Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin çıxarılmasına diqqəti yönəldib, onun icrasını sürətləndirmək lazımdır.

Bu istiqamətdə işlər gedir. Buna nail olduqdan sonra, ilk növbədə Qarabağda yaşayan ermənilər siyahıya alınmalıdır. Görək ki, orada nə qədər erməni yaşayır və onların neçəsi Azərbaycan pasportunu daşımağa hazırdır. Əminəm ki, ermənilərin mütləq əksəriyyəti Azərbaycana inteqrasiya etməyin tərəfdar olacaqlar”.

Millət vəkili Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiya etmək niyyətlərinin ilk əlamətlərinin artıq hiss olunduğunu da qeyd edib:

“Alternativ Laçın yolunun çəkilişi zamanı faktiki olaraq, ordakı erməni icması ilə dialoqumuz baş tutdu. İctimaiyyət arasında ünsiyyət yaranıb və ümumi əhval-ruhiyyədən xəbərimiz var. Sadə ermənilərin mütləq əksəriyyəti Azərbaycan dövlətinin yurisdiksiyasına keçməyə hazırdılar. Sadəcə olaraq, separatçı rejimin avtomatları onların başı üzərindəki “Domokl qılıncı”na çevrilib. Ona görə də, onlar öz mövqelərini ifadə etməkdə çətinlik çəkirlər. Bu təzyiq aradan qalxdıqdan sonra, tamamilə fərqli mənzərənin şahidi olacağıq”.

Elman Nəsirov Qarabağdakı erməni əhalinin separatçı rejimə qarşı etiraz dalğasının başlaması ehtimallarını da dəyərləndirib:

“Məncə, bu labüd prosesdir. Ekofəallarımızın Laçın yolunda keçirdiyi aksiya artıq Qarabağdakı ermənilərə də təsir edib. Onlar əlisilahlı separaçıları ittiham edirlər ki, “sizin ucbatınızdan bu duruma düşmüşük”. Onlar artıq etiraz edirlər ki, “imkan verin insan kimi yaşayaq”. Bu tendensiyanın ilkin elementləri var. Zənnimcə, ilk növbədə qanunsuz birləşmələrin tərksilahı məsələsi bizim üçün prioritet olmalıdır. Bu məsələnin yekunlaşması bir çox problemin həllinə gətirib çıxaracaq”.
Gundelik-Baku.Org