Bayrağımızı Xankəndidə dalğalanacaq - Elman Nəsirov

Bayrağımızı Xankəndidə dalğalanacaq - Elman Nəsirov
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatın  müddəlarına əməl etmir. Əksinə, indi də rus sülhməramlılarının çətiri altında işğal dövründə viran qoyduqları Azərbaycan torpaqlarına qarşı ekoloji terroru bu gün Qarabağda davam etdirir. Qanunazidd davranışları ilə Azərbaycan dövlətinin, ictimaiyyətin səbrinin test edirlər. Erməni separatçıları onlara humanitar məqsədlər üçün verilən Laçın yolundan sülh məqsədləri üçün deyil,  müharibəni alovlanmdırmaqdan ötrü istifadə edir. “Həftə içi”nə danışan Milli Məclisin deputatı Elman Nəsirov maraqlı məsələlərə diqqət çəkib.
– Laçın-Xankəndi yolunda 10 gündür davam edən dinc aksiyalar Rusiya sülhməramlılarına, eləcə də müharibədən sonra ərazilərimizdə gizlənib-qalan erməni separatçılarına hansı mesajları verir və əks-reaksiyalar nədir? Aksiya iştirakçılarının şərtlərinin hələ də yerinə yetirilməməsi dinc aksiyanı hansı istiqamətdə aparır?
– İndiki vəziyyətdə əsas tələb aksiyanın keçirilməsinə gətirib-çıxaran səbəblərin aradan qaldırılmasıdır. Azərbaycanın müvafiq dövlət qurumları təbii sərvətlərimizin talan edildiyi ərazilərdə monitorinqlər aparmalı, bu cür qeyri-qanuni əməllərə son qoyulmalıdır. Bu tələblər hələ də icra olunmayıb. Halbuki dekabr ayının 3-də və 7-də sülhməramlı qüvvələrin rəhbərliyi ilə bizim monitorinq qrupları arasında bu məsələ ilə bağlı müəyyən razılaşma əldə olunmuşdu. Ruben Vardanyan kimi separatçılar buna imkan vermir, Qarabağda öz fəaliyyətlərini legitimləşdirmək istəyirlər. Separatçılar Azərbaycanın müvafiq dövlət qurumları ilə danışıqlarda məhz qeyri-qanuni həmin o “nazir”in – Vardanyanın  cəlb olunmasına çalışırlar. Ona görə də monitorinqin aparılması ilə bağlı razılaşma pozuldu.
İndiki vəziyyətdə  bizim aksiyaçıların tələblərindən biri də odur ki, sülhməramlıların komandanı general-moyor Volkov qarşıya çıxsın və onlunla danışıqlar aparılsın. Volkov da artıq 10-cü gündür ki, aksiyaçıları eşitmir, çağırışa gəlmir. Rusiya sülhməramlı kontingentinin komandanının sərgilədiyi bu münasibətə bir neçə ehtimal üzərində yanaşmaq olar. Birincisi, aksiyaya bir biganəlik, etinasızlıq, laqeydlik göstərilir. İkincisi, gəlib nə deyəcək, deməyə sözü yoxdur. Məhz üçtərəfli sazişə əsasən ərazilərimizdən çıxarmalı olduqları erməni separatçı rejim sülhməramlıların gözləri qarşısında ekoloji terroru həyata keçirir, təbii sərvətlərimizi talan edirlər. Və, onların aksiyaçıların qarşısına çıxıb, “biz görməmişik, xəbərimiz yoxdur”, –  demələri də mümkün deyil. Belə bir vəziyyətdə Volkov gəlib aksiyaçılara nəyi izah edə biləcək?.. Eyni zamanda istisna deyil ki, Volkov aksiyaçıların yanına gəlmədən Azərbaycan nümayəndə heyətinə Xankəndidə, Xocalıda görüş keçirmək təklifini versin. Başqa bir versiyaya görə, Volkov hərbçi olduğunu əsas götürüb, mülki şəxslərlə danışığa getməsini mənasız hesab edib, qarşı tərəfdən generallarla danışıqlara getsin. Göründüyü kimi, dinc aksiya iştirakçılarımızın tələblərinin hansı şəkildə eşidilib, müzakirə və həll olunacağı ilə bağlı bir çox ehtimallar mövcuddur. Eyni zamanda, yaxın zamanlarda Azərbaycan tərəfinin tələblərinin icraası da mümkündür. Bu, o halda ola bilər ki. Ermənistanın baş naziri Paşinyan bu məsələyə qoşulsun. Çünki Paşinyan çox gözəl dərk edir ki, Rusiya sülhməramlıları Moskvanın adamı olan Vardanyanı təsadüfən önə çəkməyib. Son hadisələrdə də daha çox danışan Vardanyandır və istəyilər ki, Qarabağ ermənilərinin tərkibində və Ermənistanda nüfuzunu qaldırsınlar. Süni şəkildə nüfuzu qaldırılan Vardanyan gələcəkdə Yerevan, Paşinyan üçün də böyük maneə ola bilər. Ona görə də indiki halda Paşinyan prosesə qatılmaqla Vardanyanı geri çəkilməyə məcbur edə bilər. Rusiya sülhməramlıları gələcəkdə Vardanyanla Paşinyan arasında çox ciddi ixtilafın əsasını qoymaqda maraqlı ola bilərlər. Mənə elə gəlir ki, indiki halda Rusiya sülhməramlılarının Azərbaycanın tələblərini yerinə yetirməyib Ermənistanın yanında yer alması, Azərbaycanla münasibətləri korlamasının məntiqi əsası yoxdur. Bu gün faktiki olaraq bütün dünya müharibə vəziyyətindədir. Azərbaycan Rusiyaya qarşı heç bir zaman sanksiyalara qoşulmayıb. Eyni zamanda bu il fevral ayının 22-dən Rusiya ilə münasibətlərini müvafiq sənədlərlə müttəfiqlik səviyyəsinə qaldırıb. Belə olan vəziyyətdə Azərbaycanla münasibətləri korlamağa dəyərmi? Ona görə də hesab edirəm ki, sülhməramlılar bu aksiyanın nəticəsi olaraq sonda müəyyən kompromislər tapmağa çalışacaqlar.  Ola bilər ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi bu prosesə cəlb edilsin. Hər halda Rusiya onun da fərqindədir ki, Azərbaycanın gənc fəalları, qeyri-hökumət təşkilatları 10 günlük mübarizədən sonra birdən-birə öz tələblərindən əl çəkib bu aksiyadan daşınmayacaqlar. Deməli, rus sülhməramlıları aksiyaçıların haqlı tələbini yerinə yetirmək üçün variant tapmalıdır.
Bütün hallarda, aksiyanın şərtləri yerinə yetirilmədikcə, proses yüksələn xəttlə inkişaf edəcək. Fikir verdinizsə, əgər əvvəllər aksiyaçıların yeganə tələbi Azərbaycanın müvafiq dövlət qurumlarının ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmasına icazə verilməsi ilə bağlı idi. Buna şərait yaradılmadı və bu gün vaxt uzandıqca artıq tələblərin mahiyyəti dəyişməyə başlayıb.
Bizim gənc fəallar tələb edirlər ki, Laçın dəhlizi boyu Azərbaycanın sərhəd-gömrük məntəqələri açılsın. Artıq Laçın yoluna  nəzarətin mahiyyətinin də dəyişməsi tələb olunur.  Ona görə də zamanın uzanmasını heç bir halda nə separatçı rejimə, nə Ermənistan siyasi rəhbərliyinə, nə də Rusiya sülhməramlılarına sərf edən vəziyyəti yaratmır...
– Erməni separatçıları bu gün də Azərbaycan ərazilərində yeraltı-yerüstü sərvətlərimizi talayır. Ermənilərin ölkəmizdə törətdiyi ekoloji terrora qarşı beynəlxalq ictimaiyyətin hansı əks-reaksiyası oldu?
–    Ermənilər həmişə Azərbaycanda cinayətlər törədib, insanlarımızın hüquqlarını pozub, sonra da hay-küy salıblar, guya onları burada incidirlər. Bu dəfə də eyni addımı atırlar. Özləri cinayət törədib, sonra da bizi ittiham edirlər. Çalışırlar ki, beynəlxalq ictimaiyyəti çaşdırsınlar ki, guya Azərbaycanın ekoaktivistləri Laçın yolunu bağlayıb, humanitar fəlakətə səbəb olurlar. Hay-küy salırlar ki, aksiyaçılar guya Xankəndiyə humanitar yüklərin daşınmasının qarşısını alırlar və bu da ərzaq, çörək, tibbi qıtlıq yaradır və sair. Halbuki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolunu aksiyaçılar bağlamayıb. Orada Rusiya sülhməramlıları dayanır və yolu da onlar bağlayıblar. Lazım gələndə açırlar, humanitar missiya ilə bağlı Xankəndiyə yüklər də gedir, oradan Ermənistana gedənlər də olur. Yəni ermənilər cəfəng iddialarından əl çəkmirlər.  BMT Təhlükəsizlik Şurasında qapalı toplantı da keçirilmişdi. İndi də Ermənistanın BMT-dəki daimi nümayəndəliyində bu məsələlərin açıq müzakirələrini təşkil ediblər. Çalışırlar ki, özlərinin qeyri-obyektiv münasibətlərinə görə Azərbaycanı ittiham etsinlər.
Amma 30 il Ermənistan Azərbaycan torpaqlarını necə işğalda saxlayıb, təbii sərvətlərini necə talan edib, bu gün də ekoloji terror həyata keçirmələrini dillərinə gətirmirlər, susurlar...
Şübhəsiz, Azərbaycanın Xarici İşlər Nazirliyi, müvafiq qurumlar bu məsələləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırır. Sadəcə olaraq dünyada ədalət, beynəlxalq hüquq işləmir. Beynəlxalq hüququn işləmədiyi beynəlxalq ictimaiyyətdə böyük dövlətlərdən, beynəlxlaq təşkilatlardan hansı ədaləti gözləyirsiniz?! Dünyada korrupsiya baş alıb gedir. Avropanın ən yüksək məmurları korrupsiyada ittiham olunurlar. Bütün bunlardan sonra beynəlxalq birliklərdən, böyük dövlətlərdən haqq-ədalət ummağın heç bir mənası da yoxdur. Ən əsası odur ki, işimiz haqq işidir və sona qədər də öz mövqeyimizi müdafiə edəcəyik.
Unutmayaq ki, 44 günlük Vətən Müharibəsində də bizə haqqımız olanı almağa mane olmağa çalışdılar. Amma nə olsun? Son sözü biz dedik və “son gülən də yaxşı gülər”, – deyib atalar.
- Görünən odur ki, yenə də əsas iş öz üzərimizə düşür. Necə hesab edirsiniz, bugünkü dinc aksiyanın tələbləri, eləcə də mövcud vəziyyət  diasporalarımız tərəfindən dünyaya necə  çatdırılır? Səsimizi Laçın yolundan dünyaya yaya bilirikmi? 
- Azərbaycan diasporası yaşadığı ölkələrdə siyasi aksiya keçirmək xəttini reallaşdırmaq istiqamətində ciddi addımlar atır. Diasporamız 1990-cı illərin əvvəllərindəki diaspora deyil. O zamanlar diasporalarımız pərakəndə halda idi. İndi bizim az qala dünyada 500-ə yaxın diasporamız var və tarixi qələbəmizin əldə olunmasında onların çox böyük rolu olub. Onlar Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırırlar. Azərbaycan Diaspora Komitəsinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm.
Bu günlərdəTürk Dövlətləri Təşkilatının tərəfdaşlığı, türkdilli dövlətlərin diaspora təşkilatlarının nümayəndələrinin iştirakı ilə Bakı-Şuşa Konfransı keçirildi. Bütün baş verən hadisələri Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin müvafiq qurumları yerli və dünya ictimaiyyətinə çatdıracaq. Konfrans iştirakçıları Şuşaya da yola düşəcəklər və Şuşa-Xankəndi yolunda yaşananları öz gözləri il görəcəklər. Bir daha həqiqətlərin nə olduğunu yaxından izləyəcəklər. Görəcəklər ki, Azərbaycan Laçın yolunu bağlamayıb,  öz texniki qurğularını yolda saxlayan Rusiya sülhməramlılarıdır. Azərbaycan burada heç bir məsuliyyət daşımır, işimiz haqq işidir.  Bizim üçün Türk Dövlətləri Təşkilatının bu məlumatları dünyaya çatırması çox önəmlidir və bu prosesdə  Diasporalarla İş üzrə Dövlət Komitəsinin işini yüksək qiymətləndirirəm.   
- Prezidentin doğum günü ərəfəsindəyik. Belə ideyalar var ki, Prezident bu ərəfədə Azərbaycan xalqına müjdə verəcək. Qeydlər var ki, yeni ildə Xankəndi və Xocalıda Azərbaycan bayraqları dalğalanacaq, Laçın yoluna nəzarət öz əlimizə keçəcək...
– Otuz il işğal altında qalan torpaqların geri qaytarılması 44 günlük müharibədə mümkün oldu. Bu qısa vaxt ərzində 10 min km ərazini geri qaytardıq. Buna qadir olan Ali Baş Komandan, buna qadir olan müzəffər, yenilməz Ordumuz,  buna qadir olan Dəmir Yumruğa çevrilmiş xalqımız, heç şübhəsiz, Xankəndidə, Xocalıda, Ağdərədə, digər ərazilərdə öz bayrağını qaldıracaq. Kimin buna şübhəsi varsa, onun psixoloji durumunda problem var. Bu qədər torpağımız qaytarılıb, bu qədər ərazilərimizdə suveren hüquqlarımız bərpa edilib. Ermənilərin başı əzilib, erməni siyasi lideri kapitulyasiya aktına imza atmağa məcbur edilib. Bütün bunları edən Azərbaycan dövləti, prezidenti, onun ordusudur. Belə bir vəziyyətdə Prezidentin, Ordunun Xankəndidə bayrağımızı dalğalandıracağı aksiomadır. Hər birimiz inanırıq. İnanırıq ki, yaxın perspektivdə bunların hamısı baş verəcək.
Gundelik-Baku.Org