"Azersky" peyki ilə əlaqə kəsildi - "Meteorit ilə toqquşa bilər"

"Azersky" peyki ilə əlaqə kəsildi - "Meteorit ilə toqquşa bilər"
Azersky – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb. 
Bu barədə "Unikal"a Azərkosmosdan məlumat verilib. 
"Belə ki, "Azersky" peyki ilə məlumat mübadiləsi dayanıb. Azərkosmos və peykin istehsalçısı tərəfindən "Azersky" peyki ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, peyk ilə əlaqə yaratmaq mümkün olmayıb", - deyə məlumatda qeyd olunub. 
Azərkosmosun 2014-cü ildə "Airbus Defence and Space" şirkəti ilə imzaladığı əməkdaşlıq sazişinə əsasən, "Azersky" peyki sözügedən şirkətin "SPOT 6" peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi. Əlverişli şərtlərlə imzalanmış sazişə görə, "Azersky" peyki olmasa belə, Azərkosmos "SPOT 6" peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcək. Hazırda "SPOT 6" peykindən istifadə edərək peyk təsvirləri ilə bağlı sifarişlərin eyni keyfiyyətlə icrası davam etdirilir. 
ABŞ-nin Kosmik Müşahidə Şəbəkəsindən alınan məlumata görə, "Azersky" peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. 
Qeyd edək ki, "Azersky" peyki 45 milyon manat məbləğində sığortalanıb. Hazırda sığorta məbləğinin alınması işlərinə başlanıb. 
Gundelik-Baku.Org