Rusiyanın Polşadakı səfirliyinin əmlakı müsadirə edildi: “Diplomatlar hər şeyi dağıdıblar”

Rusiyanın Polşadakı səfirliyinin əmlakı müsadirə edildi: “Diplomatlar hər şeyi dağıdıblar”
Polşada Dövlət Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları Rusiya səfirliyi tərəfindən icarəyə götürülən mərkəzi mühafizə altına alıblar.
Varşava yaxınlığındakı Yablonna meşəlik ərazisində yerləşən mərkəz Rusiya səfirliyi tərəfindən icarəyə götürülüb. Lakin icarə müqaviləsi ləğv edildikdən sonra əməkdaşlar binanı boşaltmaqdan imtina ediblər.
Bu barədə iqlim və ətraf mühit nazirinin müavini Edvard Syarka məlumat verib.
O qeyd edib ki, mərkəz Dövlət Meşə Təsərrüfatının balansına götürülüb, inventarizasiya və ekspertizadan sonra ərazinin inkişafı ilə bağlı yeni layihə təklif olunacaq.
Onun sözlərinə görə, aprelin ortalarında meşə müfəttişliyi icarə haqqının ödənilməməsinə görə Rusiya səfirliyi ilə müqaviləyə xitam verib. Lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq, səfirlik binanı boşaltmayıb. Bu halda Polşa hakimiyyəti məcburi yollara əl atmalı olub.
Daha sonra isə mərkəzə böyük ziyan dəydiyi məlum olub.
“Mərkəz tamamilə dağılıb. Rusiyalılar hər şeyi məhv ediblər, hətta kabelləri də divarlardan dartıb çıxarıblar”, - deyə Dövlət Meşə Agentliyinin spikeri Mixal Qzovski sosial şəbəkələrdə yazıb.
Mənbə: Ukrinform

Gundelik-Baku.Org