Rusiyada PA işçilərinə bu tarixdən “iPhone”dan istifadə qadağan edildi

Rusiyada PA işçilərinə bu tarixdən “iPhone”dan istifadə qadağan edildi
Rusiya Prezident Administrasiyasının əməkdaşlarına aprelin 1-dən etibarən “iPhone” smartfonlarından istifadə qadağan edilib.
"Kommersant" qəzetinin bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, onlar müvafiq təlimatı mart ayında Moskva vilayətində keçirilən seminarda alıblar.
Administrasiyanın daxili siyasi blokunun əməkdaşlarına təhlükəsizlik baxımından bu il aprelin 1-dək “iPhone” smartfonlarından qurtulmaq tapşırılıb.
Qeyd olunub ki, əvvəlcə seminar iştirakçıları arasında belə bir tədbirin zəruriliyi ilə bağlı müzakirələr aparılsa da, Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko müzakirəyə son qoyub və işçilərinə bunun üçün vaxt təyin edib.
Tələb bu smartfonların digər smartfonlarla müqayisədə Qərb mütəxəssisləri tərəfindən hakerlik və casusluğa daha çox həssas olması ilə əlaqələndirilir. Bunun müqabilində PA əməkdaşlarına “Android” və ya Rusiyanın “Aurora” əməliyyat sistemindən istifadə edən telefonlar almağı tövsiyə ediblər.
Prezident administrasiyasına yaxın mənbələr onu da bildirirlər ki, “Apple” avadanlıqlarının istifadəsinə qoyulan qadağa regional administrasiyalarda daxili siyasətlə məşğul olan məmurlara da şamil oluna bilər.
Gundelik-Baku.Org