Bakıda hər sərnişin 55 QƏPİK zərərlə daşınır — Millət vəkili Elman Nəsirov nə təklif edir?

Bakıda hər sərnişin 55 QƏPİK zərərlə daşınır — Millət vəkili Elman Nəsirov nə təklif edir?
“Hazırda ictimai nəqliyyatda bir sərnişinin daşınma xərci 85 qəpiyə başa gəlir. Üstəlik, daşıyıcı şirkətlər üzərində müəyyən tələblər qoyulur. Məsələn, yeni avtobusların alınması, sürücülərin təlimlərə cəlb edilməsi, qarajın olması, sürücülərin iki rejimdə işləməsi, sürücülərin hər gün tibbi müayinədən keçməsi, vergi ödənişi, lisenziya alınması və bu kimi çoxsaylı şərtlər var. Sonda da 200,300, 400 min manata alınmış avtobusda “30 qəpiyə sərnişin daşımalısan deyirlər”.

Dünyanın əksər ölkələrində ictimai nəqliyyat dövlət dotasiyasıyla fəaliyyət göstərir”. 

Bu fikirləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı ictimai nəqliyyatda gözlənilən qiymət artımından danışarkən söyləyib. Bizim.Media ilə söhbətində o bildirib ki, bir müddət əvvəl daşıyıcı şirkətlər hökümət qarşısında məsələ qaldırıblar:

“Və hazırda hökümət tərəfindən də bu istiqamətdə müzakirələr aparılır. Daşıyıcı şirkətlər 3 təkliflə çıxış ediblər.

Bunlardan birincisi, qiymətlərin artırılmasıdır. 

İkincisi, dövlətdən dotasiya alınması variantıdır.

Üçüncüsü isə Bakıkartla bağlıdır. Beləki, əksər daşıyıcı şirkətlər nağdsız ödəniş sisteminə keçiblər. Və bütün ödənişlər Bakıkart üzərindən aparılır. Lakin, Bakıkart etdiyi xidmətə görə ödənişlərin 5 faizini götürür. Bu da daşıyıcı şirkətlərin haqlı narazılığına səbəb olub. Məncə bu tənzimlənməlidir. 5 faiz çox böyük bir rəqəmdir”. 

Elməddin Muradlı onu da əlavə edib ki, düşünürəm ki, hökümət tərəfindən məsələyə adekvat addım atılacaq:

“Burda hər iki təklif tətbiq oluna bilər. Ya qiymət artımı. Tutaq ki, hazırda ictimai nəqliyyatda gediş haqqı qiymətləri 30-40 qəpikdir. Bu 50 qəpik civarında ola bilər. Ya da hökümət dotasiya variantı üzərində dayana bilər. Bu variantlardan ikisi də tətbiq oluna bilər, ya da ki, birisi. Mənim fikrimcə iki variantın eyni anda tətbiqi daha effektiv ola bilər. Yəni bir qism şirkətlərə dövlət dotasiya verə bilər. Bir qism marşrut xəttlərində isə qiymətləri artırmaq olar”. 

Məsələ ilə bağlı Millət vəkili Elman Nəsirovun da fikirlərini aldıq. Bizim.Media-ya açıqlamasında qiymətlərin qalxmamasının tərəfdarı olduğunu bildirib:

“Çoxları kimi mən də qiymətlərin qalxmasının tərəfdarı deyiləm. Amma qiymət artımını qaçılmaz edən səbəblər var. Bu daha çox beynəlxalq təsirlərlə bağlıdır. Nəqliyyatda istifadə etdiyimiz bütün vasitələr-qatarlar, avtobuslar, təyyarələr və maşınlar ölkəmizə idxal edilir. Hazırda dünyada baş verən bahalaşma da təbii ki, idxal edilən bütün məhsullara, o cümlədən nəqliyyat sektoruna öz təsirini göstərir. Yaxşı olar ki, qiymətlər artırılanda ilk növbədə vətəndaşların sosial durumu nəzərə alınsın. Artan daşıma qiymətləri əhalinin cibinə az təsir etsin”.
Gundelik-Baku.Org